Ekspert: Ölkəyə gətirilən avtomobillərin azalmasının 3 SƏBƏBİ VAR

  • By admin
  • 17 Avqust 2016 18:40

avtomobil1

Son 4 ildə ölkəyə gətirilən avtomobillərin sayı 20 dəfə azalıb.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında ölkəyə gətirilən avtomobillərin sayı 2879 ədəd olub.

Qeyd edək ki, 2013-cü ilin müvafiq dövründə 58 258 ədəd,  2014-cü ildə 38 338 ədəd, 2015-ci ildə isə 19 476 ədəd nəqliyyat vasitisəi idxal olunub.

Ölkəyə idxal olunan avtomobillərin sayı niyə azalıb?

Nəqliyyat sahəsi üzrə ekspert  Azər Allahverənovun sözlərinə görə, azalma tendensiyasına səbəb olan bir neçə amil var. Birincisi, banklar tərəfindən son 3 ildə avtomobil kreditlərinin və lizinqlərin məhdudlaşdırılmasıdır.

“Avtomobil kreditləri arasında geri qaytarılmayan borclar kifayət qədər çoxdur. Banklar bundan böyük zərər görürdü. Ona görə də, Mərkəzi Bank tövsiyyə etdi ki, avtokreditlər dayandırılsın və ya məhdudlaşdırılsın. Əhalinin əlində isə gərək kifayət qədər pul kütləsi olsun ki, nağd yolla ala bilsin. İndi isə bu məsələdə problemlər var”,-deyə A.Allahverənov qeyd edir.

Ekspertə görə, ikinci səbəb “Avro-4”standartının tətbiq olunmasıdır: “Ondan aşağı standartlarda olan avtomobillərin ölkəyə idxalı dayandırılıb. Əgər “Avro-4”dən söhbət gedirsə, burada 2005-ci ildən sonra istehsal olunan avtomobillərdən söhbət gedir. 2005-ci ilə qədər istehal olunan avtomobillər ölkə ərazisinə gətirilə bilməz. Təbii ki, bu da ümumi həcmin azalmasına gətirib çıxarır. Habelə 2005-2006-ci ildən sonra avtomobillərin qiymətlərində də fərqlər hiss olunur. Bütün bunlar nəticə etibarı ilə bazara öz təsirlərini göstərir”.

A.Allahverənovun sözlərinə görə, avtomobil idxalının azalmasına təsir göstərən üçüncü amil manatın devalvasiyasl oldu: “Vaxtilə idxal olunan avtomobillər dollarla alınırdı. Devalvasiyadan öncə onu manata çevirəndə elə də böyük pul etmirdi.  Amma indiki kursla götürəndə artıq qiymətlər avtomobilin həm alıcılarına, həm də satıcılarına sərf etmir”.

İdxalın azalması bazarda qiymətlərə necə təsir göstərib?

Ekspertə görə, köhnə avtomobillərin qiymətində cüzi ucuzlaşma, yeni avtomobillərin qiymətində isə bahalaşma müşahidə edilir: “Təbii ki, sahibkarın maraqlarına cavab verən bir hədd var. Ucuzlaşma da o həddə qədər ola bilər. Ucuzlaşma, əsasən, təkrar bazarda, yəni nə vaxtsa ölkəyə gətirilib və istismar olunub, indi yenidən satışa çıxarılan avtomobillərdir.

Amma yeni istehsal olunan və istismar olunmayan avtomobillərin qiymətində artım müşahidə olunur. Təbii ki, bunun səbəbi manatın devalvasiyasıdır”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info