Ekspert vətəndaşları SOCAR-ın istiqrazlarının dövlət təminatı olmadığından ehtiyatlı olmağa çağırdı

  • By admin
  • 10 Sentyabr 2016 12:37
ekrem
İqtisadşı ekspert Əkrəm Həsənov Dövlət Neft Şirkəti 5 il müddətinə illik gəlirlik dərəcəsi 5% və hər birinin nominal dəyəri 1000 dollar olan 100 000 ədəd təminatsız istiqraz buraxacağını açıqlayb.
Bu barədə Gununsesi.info-ya açıqlam verən  maliyyə eksperti Əkrəm Həsənov bildirib ki, istiqraz borc deməkdir. “Yəni, SOCAR əhalidən 100 mln. dollar təminatsız borc almaq istəyir. 5 ildən sonra qaytaracağını vəd edir. Hər ilin sonunda hər istiqraz üzrə 50 dollar ödəyəcək, 5 il ərzində bu, 250 dollar edir. Deməli, siz 1000 dollar verib istiqraz alırsız, 4 il ərzində 50 dollar gəlir götürürsüz, sonda da sizə 1050 dollar verirlər”- deyə, Ə.Həsənov bildirib.  Ekspert deyib ki, bu, bank əmanəti kimi bir şeydir: “Sadəcə,əmanəti vaxtından əvvəl də geri götürmək olar, amma istiqraza qoyulan pulu yalnız 5 ildən sonra. Bu halda görəsən, vətəndaş niyə pulunu banka deyil, SOCAR-a etibar etməlidir? Bəlkə ona görə ki, bank sisteminə etimad tam sarsılıb? Sarsılmağına sarsılıb, əlbəttə. Bəs SOCAR-a niyə etibar etməliyik ki?
İnkişaf etmiş ölkələrdə istiqraz buraxan şirkət əsasən 3 şərtə cavab verməlidir: qanuna uyğunluq, şəffaflıq və uğurlu fəaliyyət. SOCAR bu tələblərə cavab verirmi?
1) Qanuna uyğunluq. İyul ayında yazmışdım ki, SOCAR-ın hüquqi statusu müəammalıdır, təşkilati-hüquqi forması məlum deyil və qanunun gözündə bu adlı hüquqi şəxs ümumiyyətlə yoxdur SOCAR rəsmiləri mənə cavab verməyə cəhd etdi, amma cavabları da statusları kimi qanuna ziddi idi və bunu da şərh etmişdim
2) Ölkəmizin ən iri şirkəti olan SOCAR-ın fəaliyyəti qeyri-şəffafdır, korporativ idarəetmə sistemi yoxdur. Bu da təbiidir, çünki faktiki bir nəfər tərəfindən idarə olunur. Xaricdə belə iri şirkətlərdə mütləq nəzarət edici olan və o cümlədən müstəqil şəxslərdən ibarət olan müşahidə şurası olur. İctimai nəzarət olmadığı üçün SOCAR yalnız özünə bəlli olan motivlərlə çoxşaxəli fəaliyyətlə məşğul olur, mənası bilinməyən layihələrə sponsorluq edir, çoxsaylı işçi heyəti saxlayır və s.və i.a.
3) Uğursuz fəaliyyət. SOCAR zərərlə işləyir. Xarici borcları çoxdur. Elə yəqin ona görə də istiqraz satır. Borclarını necə verəcək? Nizamnaməsinin 1.7-ci bəndinə görə əmlakı hesabına. Amma borcları müqabilində elə bir əmlakı da yoxdur axı. Binalar və avadanlıqlardır əsasən. Neft yataqları və s. onun deyil, dövlətindir”.
Ə.Həsənov əlavə edib ki, SOCAR-ın Nizamnaməsinin 1.7-ci bəndinə əsasən isə dövlət onun öhdəliklərinə görə cavabdeh deyil, yəni borclarını ödəmir: “Yəni, SOCAR hər an müflis ola bilər. Bu halda nə olacaq? Bağlanacaq, borcları da silinəcək, yəni batacaq (məlum olduğu kimi, bizdə ancaq kasıbları borca görə təqib edirlər, döyürlər və tuturlar). Bəs neft-qaz sahəsində hansı şirkət fəaliyyət göstərəcək? Nizamnaməsinin 1.1-ci bəndinə əsasən SOCAR-ın “fəaliyyəti neft, neft-kimya və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir”. Dövlət SOCAR kimi bir və ya bir neçə şirkət yaradıb hər an bu fəaliyyəti onlara həvalə edə bilər. “Xoruzsuz da sabah açılar” deyiblər. SOCAR-sız da neft sənayemiz olub, bundan sonra da olacaq. Amma SOCAR olmasa, borclarını heç kəs qaytarmayacaq. İstiqraz məsələsində də əsas elə budur! İstiqrazlar təminatsız buraxılır (halbuki qanuna görə təminatlı istiqrazlar da ola bilər), o cümlədən dövlət təminatı da yoxdur. Odur ki, özünüzdən və pulunuzdan muğayat olun!”.
Mürtəza 
Gununsesi.info