ATƏT-in Minsk Qrupu həmsədrləri bu gün İrəvanda rəsmi görüşlər keçiriblər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırıblar. Elə bil ki, həmsədrlər münaqişənin həlli ilə deyil, ordan bura, burdan ora xəbər daşımaqla məşğuldurlar.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu həmsədrlərin bölgəyə son səfərinə münasibətində qeyd edib. O bildirib ki, həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır:
“Çünkü rəsmi İrəvan kimi həmsədrlər də düşünür ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Ancaq həmsədrlər savaş təhlükəsindən əvvəl aprelin 2-də Ermənistanda parlament seçkisinin nəticələri ilə tanış olmalıdırlar. “Ermənistanda seçki günü və sonrası nə baş verəcək” sualı “apreldə cəbhə bölgəsində yenidən toqquşmalar olacaqmı” sualı qədər aktualdır”.
Gununsesi.info