
Milli Məclis deputatı, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev VII Çağırış parlamentin ilk sessiyasında amnistiya təklifi ilə çıxış edib.
Deputat bu təklifini Azərbaycan həbsxanalarında olan sıxlıqla əsaslandırıb.
Onu da qeyd edək ki, eyni zamanda, Avropa Şurası da Azərbaycanı məhbus sıxlığına görə tənqid edib. Qurumun hesabatında AŞ-na üzv ölkələr içərisində Azərbaycanın məhbus sayının çoxluğununa görə ilk yerlərdən birini tutduğu bildirilib.
Məsələ ilə bağlı Gununsesi.info–ya açıqlama verən Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu sözləri qeyd edib:
“Bu gün dövlətimizə bir neçə yerdən hücumlar var. Qüdrət Həsənquliyev də bu məsələni haqlı olaraq qaldırıb. Bəli, amnitsiyalar olmalıdır. Heç dərinə getmək lazım deyil, siyasi məhbuslar elə məhkəmə zallarından azadlığa buraxılmalıdır. Biz bunların hamısını edə bilərik. Nə çətin işdir? Bir tərəfimizdə İran düşmən, bir tərəfdən Ermənistan, bir addım o tərəf-bu tərəfə də atsaq, Rusiya da bir yandan- ona görə də biz dövləti, milləti qorumaqdan ötəri bəzi addımlar atmalıyıq. Üstəlik, dövlət bir yandan gözəl işlər görür, digər tərəfdən də belə işlər. Bu, bizə ancaq ziyan verə bilər. Necə ki, verir də. Xüsusi ilə siyasi məhbuslarla bağlı amnitsiya qərarı milləti hökümətlə də birləşdirə bilər”
Tanınmış vəkil Bəhruz Bayramov da məsələ ilə bağlı fikirlərini bu cür şərh edib:
Onun sözlərinə görə, ölkədə olan məhbus sıxlığı Penitensiar Xidmətdə bir sıra problemlərə səbəb olub.
“Mən vəkil kimi cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında çox oluram və bəzən şahidi oluruq ki, 4 nəfərlik kameralarda, yaxud 100 nəfərlik yataqxanalarda 2-3 dəfə artıq şəxs saxlanılır. Ölkədə məhbusların sayının çox olması həm də Avropa Penitensiar Qaydalarına ziddir. Bu qaydalarda məhkumun saxlanılması üçün qaldığı otağın sahəsindən tutmuş, qidalanmasına qədər hər şey müəyyənləşdirilib. Amma Azərbaycanda həbslər çox olduğuna görə, sözügedən qaydalara Penitensiar Xidmət əməl edə bilmir. Hesab edirəm ki, ölkədə böyük bir amnitsiyaya ehtiyac var. Bu, elə bir amnitsiya olmalıdır ki, gərək, azı 10 min nəfər azadlığa buraxılsın. Bu baxımdan, Qüdrət Həsənquliyevin təklifini dəstəkləyirəm”,– B. Bayramov qeyd edib.
Orxan Saffari