Ələsgər Məmmədli istintaqa ifadə verməkdən imtina edib

  • By ilhame
  • 24 Mart 2024 10:24

Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm. Görüş şüşə səddin arxasından telefon vasitəsilə baş tutdu”.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Toplum TV İşi” üzrə həbs edilən tanınmış media eksperti Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli deyib.

 

Onun sözlərinə görə, Ələsgər bəy təcridxanada həkim müayinəsindən keçirilib:

Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb. Doktoru təcili Qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də hələ bu müayinəni aparmaq mümkün olmayıb. Ələsgər bəyin ümumi səhəti normal görünsə də nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur. 

Heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir. Ona qarşı irəli sürülən ittihamları tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir.  

 

Ələsgər bəy bu mərhələdə ona dəstək verən hər kəsə öz təşəkkürünü bildirdi. Barəsində böhtan, yalan yazan media orqanlarını qınadığını və onları təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə çağırdı”.

 

Gununsesi.info