Martın 23-də politoloq Nəsimi Məmmədli Bakı İstintaq Təcridxanasında saxlanan qardaşı, ToplumTV-nin təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə danışan N.Məmmədli Ə.Məmmədli həbs olunandan bəri ilk dəfədir onunla görüşdüyünü bildirib.
N.Məmmədlinin sözlərinə görə, qardaşı ilə 12 dəqiqə danışa bilib: “Qardaşımla şüşə arxasından danışmağa icazə verdilər”.
O, Ə.Məmmədlinin təcridxanada həkim müayinəsindən keçirildiyini deyib: “Ombusman Aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona deməsinə görə, özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb”.
N.Məmmədli qeyd edib ki, qardaşının deməsinə görə, onun həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də, hələ bu müayinəni aparmağın mümkün olmadığı bildirilir: “Ələsgər bəyin ümumi səhhəti normal görünsə də, nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur”.
N.Məmmədli vurğulayır ki, qardaşı heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir: “Ona qarşı irəli sürülən ittihamı tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir. Barəsində böhtan, yalan yazan media orqanlarını təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə dəvət etdi”.
Qeyd edək ki, ToplumTV-nin təsisçisi Ə.Məmmədli martın 8-də Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.