Elə şeylər var ki, mənimlə qəbirə gedəcək- ŞAHİDLƏR ELDAR HƏSƏNOVU TANIMADI

  • By admin
  • 13 Dekabr 2021 00:35

Bakı Ağır Cinayətlər Məhkəməsi həbsdə olan dövlət xadimi Eldar Həsənovun mühakiməsini davam etdirir.

Gununsesi.info-nun məlumatına görə, iclasda Eldar Həsənov səfirliyə ayrılan vəsaitlərə qənaət olunması məsələsindən danışıb: “Səfirlik olaraq hər il qənaət edilmiş pulları Xarici İşlər Nazirliyinə qaytarırdıq. Birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. Büdcədən ayrılan vəsaitin büdcəyə qaytarılması qənaətdir. Bunun başqa adı yoxdur. Prokurorluq isə bunu yeyinti kimi yazıb. Mən səfirlikdə 3 nəfəri ixtisar etmişəm. Onların da vaxtı bitəndən sonra. Mən 3 dəfə vəsaitə qənaət edib büdcəyə qaytarmışam. Elə ona görə də burada oturmuşam, qaytarmasaydım, indi burada oturmazdım”.

Prosesdə məhkəməyə gəlməyən şahidlərin ifadələri elan edilib. Bosniya və Herseqovinada yaşayan, səfirlik üçün alınmış binanın keçmiş sahibləri olan ər-arvadın ifadələri oxunub. Onlar ifadələrində Eldar Həsənovu tanımadıqlarını deyiblər.

Vəkillər bildirib ki, hər iki ifadə çox qısa və səthidir, Sarayevo Şəhər Prokurorluğunda aparılan dindirmədə müstəntiq Teymur Qarayev də iştirak edib, amma nədənsə şahidlərin heç birinə aydınlaşdırıcı bir sual da verilməyib.

Eldar Həsənov bu məsələyə belə münasibət bildirib: “Mən orada özbaşına olmamışam, dövlətin etibar etdiyi adam olmuşam, dövlətin maraqlarına xidmət etmişəm. Dövlətin sifarişlərini yerinə yetirmişəm. Müstəntiq isə heç nəyi araşdırmadan yeyinti yazıb. Guya mən elə orada oturub bildiyimi eləmişəm. Sarayevo epizodu ilə bağlı istintaq vaxtı dəfələrlə baş prokurora və prezidentin köməkçisi Hikmət Hacıyevə xidməti qeyd qaydasında müraciət etmişəm. Bu məsələnin ittihama salınmasının iki dövlət arasında münasibətlərə xələl gətirə biləcəyini çatdırmışam. Dövlət sirri olduğuna görə məktubu burada elan etmək istəmirəm. Həmin məktub iş materiallarında var, vaxtınız olanda ona baxarsınız. Bu məsələ haqda bundan artıq danışmaq istəmirəm.

Prokurorluq provokativ hərəkətlər etsə də, elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Mənə qarşı irəli sürülmüş qondarma ittihamlar məhkəmədə tamamilə çökdü. Mənim əleyhimə bir şahid ifadə verməyib. Mənə verilən ittihamlarla bağlı heç bir sübut, hansısa sənəddə imzam yoxdur. İstintaq vaxtı əleyhimə ifadəsi alınmağa cəhd göstərilən şəxslər məhkəmədə bildirdilər ki, belə ifadə verməyiblər. Prokurorluq hər şeyi gözəl bilir. Məni danışdırmayın. Mən istəmirəm ki, hər şeyi danışım və siz də buna məcbur etməyin”.

Baş Prokurorluğun İstintaq İdarəsində onun işi üzrə istintaqı aparan müstəntiqdən gileylənən Eldar Həsənov bildirib ki, səfirlik üçün alınan binanın sahibi olmuş iki qardaşın ifadələrini alsa da, onların həmin vəsaitləri necə almaları barədə dedikləri cinayət işinə əlavə etməyib: “Evin sahibinin iki qardaş olduğunu, pulun yarısının bir qardaşa, digərinin isə başqa qardaşa verildiyini niyə yazmayıb? Tək bu məsələyə görə müstəntiqi hüquq mühafizə orqanlarından ən yaxşı halda xaric etmək lazımdır. Amma normal ölkədə, normal hüquq olan yerdə. Bu qədər qərəz, bu qədər qisas olarmı? Bu məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatətlərin heç biri təmin olunmadı. O cümlədən də əlavə şahidlərin dindirilməsi haqda vəsatət. Prokuror artıq çıxışa da hazırdır. Çıxarın sifariş verilən hökmü, bu məsələ bitsin”.

Gununsesi.info