“Eləbil dünyanın bütün problemləri Amerika prezidentlərinin dilindən asılıdır” – Deputat hiddətləndi

  • By admin
  • 25 Aprel 2021 16:20

 

“Amerikanın 1915-ci ildə baş verən hadisənin reallıqlarını, sübutları, həqiqəti bir kənara qoyub, Türkiyəyə qarşı soyqırım iddiasını irəli sürməsi tarixi və insanlığın yaddaşını saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil. Bu, Osmanlı imperatorluğuna və onun varisi olan Türkiyəyə qarşı düşmən münasibətin tərkib hissəsidir”.

 

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Onun fikrincə, Amerika prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanınması erməniləri müdafiə etməkdən çox Türkiyəyə problem yaratmaq, təzyiq göstərmək niyyəti daşıyır:,

“Türkiyə dəfələrlə sənədlərin, arxivlərin açılmasını tələb və təklif edib. Ermənilərin hansı səbəblərdən və necə köçürüldüyü, ölkənin bir ucundan, digərinə yerləşdirilməsi aydınlaşdırılsın. Burada heç bir soyqırımdan söhbət getmir. Milyon yarım erməni öldürülübsə, onların kütləvi məzarları hanı? Anadoluda ermənilərin, rusların öldürdüyü türklərin kütləvi məzarlıqları var, amma bir dənə də erməni məzarlığı yoxdur. Deməli, bu uydurmadır.

Amerikanın əlində olan gizli sənədlər və məlumatlar açıq-aşkar göstərir ki, erməni soyqırımı deyə bir şey yoxdur. Amerikalı mütəxəssislər, alimlər, kəşfiyyat xidməti bunu sübut edib və prezidentlərinə məlumat veriblər. Ona görə, Amerikanın indiyə qədərki prezidentləri heç biri soyqırımı deməyib.

Bu 78 yaşlı qoca, yolu düzgün yeriyə bilməyən, pilləkəndə büdrəyən, düşüncəsi də buna uyğun olan Bayden ermənilərin könlü xoş olsun deyə, onlara bir sürü tərif, mədhiyyə deyir.

Bayden soyqırımı deyərək ilk növbədə Türkiyə ilə əməkdaşlıq, strateji müttəfiqlik şərtlərini pozur, NATO  daxilindəki münasibətlərə mənfi təsir göstərir. Bayden bununla da kifayətlənməyərək, siyasi, hərbi, əxlaqi normaları ayaq altına atır. Ona görə, bütün Türkiyə cəmiyyəti və Azərbaycan xalqı, ölkə rəhbərlikləri səviyyəsində buna etirazını bildirir. Türkiyəyə atılan çirkab, qardaş ölkənin ittiham edilməsi, həm də bizə qarşıdır.

Ermənilər Osmanlı ərazisində yaşayaraq, ruslara casusluq edirdilər. Ermənilər yerli əhaliyə zülm etdiyinə görə, Osmanlı dövləti onları daha münbit ərazilərə köçürmüşdülər. Amma orada yaşayan azərbaycanlılar rusların və onların silahlandırdığı ermənilərin əli ilə qırılmışdılar. Mən onların toplu məzarlarını görmüşəm. Türklərin basdırıldığı toplu məzarlıqlar Avstriya, İtaliya mütəxəssislərinin iştirakı ilə açılıb. Şahidiyəm ki, həmin türklər hansı vəhşiliklə öldürülüblər. Baydenin kor gözü bunları görmür, amma erməni yalanına uyur. Çünki erməni Avropanın, Amerikanın, Rusiyanın işverənidir”.

Sabir Rüstəmxanlı deyib ki, Amerikanın ermənipərəst mövqeyi ilə Türkiyə heç nə itirmir:

 

“Əksinə, mən düşünürəm ki, bu hadisnin müsbət tərəfləri də var. Hər il aprelin 24-də Amerikanın barmaq sirkələyərək, “soyqırımını dilə gətirəcəyik” hədə-qorxusu aradan qalxmış olar. Amerika elə hərəkət edirdi, eləbil dünyanın bütün problemləri Amerika prezidentlərinin dilindən asılıdır. Qoy desinlər, tanısınlar, bununla nə dəyişəcək ki?”

 

Deputat “öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaran” Amerikanın cavabını bu ifadələrlə verib:

 

“Soyqırımı törədənlərin başında elə əsrlər əvvəl Amerika qitəsinə gələn xalqlar durur. Onlar qitəni ələ keçirən kimi yerli əhalini qırıblar. Qalanları da işsiz-gücsüz buraxıb, bütün vacib məqamlardan kənarda qoyublar.

150 il bundan öncə ingilislər Avstraliyadakı aborigenləri adalara qovaraq, köklərini kəsdilər. Fransızlar Əl-Cəzairdə, Afrikanın digər bölgələrində milyondan artıq yerli əhalini öldürüblər. Çin uyğurlara qarşı, Rusiya Güney Qafqazdan Krıma qədər bütün Avrasiyada türk xalqlarına faciələr yaşadıb. Soyqırım budur. Böyük dövlətlər əvvəl özləri hesabat versinlər, bundan sonra başqalarından hesabat istəyərlər. Amerikanın atdığı siyasi addımdır, hüquqi tərəfinə gələndə bu, həmişə Türkiyənin xeyrinədir”.

Gununsesi.info