“Elçibəy, Heydər Əliyev və Rəsulzadənin adına universitetlər yaradılsın” - QÜDRƏT HƏSƏNQULİYEV

elciber heyder eliyev resulzade

Azərbaycanda Elçibəy, Heydər Əliyev və Rəsulzadənin adına universitetlər yaradılsın.

Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev bu gün Milli Məclisdə çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan universitetlərinin, alimlərinin və tələbələrinin sayına görə region ölkələri arasında geridə qalır. “Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini qaldırmaqla yanaşı, yeni universitetlər də yaradılmalıdır. Çünki 2018-ci ildə iki tarixi şəxsiyyətin yubiley mərasimi keçiriləcək. Növbəti ildə eks-prezident Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin isə 95 illik yubileyi keçiriləcək. Ondan sonra isə Məmmədəmin Rəsulzadənin yubileyinin keçirilməsi nəzərdə tutulur. Bu tarixi şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi üçün onların adına universitetlərin yaradılmasını təklif edirəm”- deyə, millət vəkili bildirib.

Q.Həsənquliyev əlavə edib ki, YAP-çılar ola bilsin bu təklifi münasib saymasın: “Ancaq tarix bütün məsələlərə öz qiymətini verəcək. Onu da bilməliyik ki, vaxtı ilə Heydər Əliyev Əbülfəz Elçibəyə öz ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar. Bununla biz yeni təhsil ocağı açmaqla yanaşı,təhsil sahəsindəki digər problemləri də həll etmiş olarıq”.

Mürtəza                            

Gununsesi.info