Elçin Qəmbərov dələduzluq ittihamlarına cavab verdi

  • By admin
  • 17 Oktyabr 2016 12:50

elcin

 

“İlhamə Dadaşbəylinin haqqımda söylədiyi bu ittihamların hamısı  cəfəngiyyatdır.  Onlar hüquqlarının müdafiə etməyim üçün 5 min pul verib, mən də onlar üçün neçə il işləmişəm. Elə belə işləməmişəm”.   

Bu haqda Gununsesi.info-ya tanınmış vəkil Elçin Qəmbərov vaxtilə vəkili olduğu, hazırda məhbəs həyatı yaşayan MTN cinayətlərinin qurbanlarından Səid Dadaşbəylinin xanımı İlhamə Dadaşbəylinin sosial şəbəkədə  vəkilin onlardan dələduzluq yolu ilə pul aldığını amma geri qaytarmadığını iddia etməsinə münasibət bildirərkən deyib.

E.Qəmbərov bildirib ki, 2007-ci ildə vəkil kimi ona gördüyü işin müqabilində qonorar verilib. Vəkil isə bu işi hansı yolla görür, necə görür, bu, daha onun öz işidir.  Təki işdə  nəticə olsun.  Bəli, məhz, mənim fəaliyyətim nəticəsində Səid Dadaşbəylinin işi beynəlxalq səviyyəyə gəlib çatıb. Bu işi beynəlxalq  aləmə ilk mən çıxartmışam.  Onların siyasi məhbus statusu almalarında da mənim böyük xidmətlərim olub.  Bütün bunları göz qabağınada olan, faktlara əsasən danışıram.   O ki, haqımda guya  qaldı cinayət işi qaldırılmasına, bunun heç bir əsasları yoxdur, araşdırmalar gedib,  nəticədə müəyyən olunub ki,  burada belə bir fakt olmayıb. O zaman Səid Dadaşbəylinin məhkəməsində müttəhimlər kürsüsündə 12 nəfər oturmuşdu, hamısı da mənə təşəkkür edirdi. Bu işdə yeganə vəkil idim ki,  əvvəldən axıradək canımı qoydum. “Eldar Mahmudov maşınına” qarşı tək döyüşürdüm.  Onların evində MTN-dən gizlin jurnalistlərlə də görüşdüm. 3 saat  MTN-nin qurduğu qurama işin gizli oyunlarından bütün çılpaqlığıyla  danışdım.  Hələ də “youtube”-de var, Səid Dadaşbəylinin işiylə bağlı 4 hissədən ibarət  həmin çəkiliş indi də durur. İstəyən baxa bilər.  Bunlar, bu risklər vəkilin işi deyildi. İndi bütün bunların üzərindən illər keçib, məni təhdid və şantaj etməyə başlayıblar. Bunun arxasında nəyin durduğunu  da bilirəm.  Ancaq hələlik bu haqda danışmayacam. İttiham edəndə şikayətdə ən azından məntiq olmalıdır.

Qeyd edək ki,  hazırda məhbəs həyatı yaşayan MTN cinayətlərinin qurbanlarından olan Səid Dadaşbəylinin xanımı sosial şəbəkədə vəkil Elçin Qənbərovu ittiham edib. İlhamə Dadaşbəyli həyat yoldaşına məxsus facebook hesabında vəkilin onlardan dələduzluq yolu ilə pul aldığını amma qaytarmadığını iddia edib: “Uzun illərdir ki, ədalətsizliyin, hüquqsuzluğun qurbanı olaraq, qalmaqdayıq. Heç bir cinayət törətməməsinə rəğmən Səid Dadaşbəyli və onunla bərabər bir neçə adam həbs həyatı yaşayır. Onları şərləyən cinayətkarlar ifşa olunsallar da amma Səid və “Səidin dəstəsi” adlandırılan insanlar cəza çəkməkdədir.

Bizi üzən daha bir məqam var:  Bu, ümid etdiyimiz, köməyini gözlədiyimiz bəzi adamların, konkret olaraq, vəkil Elçin Qəmbərovun bizi üzməsi oldu. Elçin Qəmbərov kimi adamları görəndə düşünürsən ki, ədalətsiz adamlar, başqasının haqqı əlindən alanlar təkcə hökumətdə deyilmiş.
İndiyə qədər susmağımız isə səbəbsiz olmayıb. Bu adam ölkənin nüfuzlu müxalifət liderlərindən birinin adıyla bizdən 5000 dollar pul aldı ki, Səid Dadaşbəylinin adını siyasi məhbus siyahısına saldıracaq. Biz sonradan öyrəndik ki, Elçin Qənbərov həmin şəxsin adını bizdən etibar qazanmaq üçün çəkib. Bununla o, açıq formada dələduzluq edib. Bundan başqa o, bizdən Səidi əfvə saldırmaq adıyla 25 min manat pul almaq istədi. Yenə də illər keçdi, əfvə olan ümidlərimiz puça çıxdı.
Nəhaəyyət, anladıq ki, Elçin Qənbərov dələduzluq edərək, pulumuzu mənimsəyib. əməlinin üstü açılanda vəd verdi ki, qaytaracaq. Amma yenə də aldatdı.
2015-ci ildə ildə onu polisə verdik və cinayət işi başlandı. Sonra müxtəlif yollarla bu işdən çıxdı. Həbsdə olan bir insanın ailəsinin, yaşlı valideyinlərinin heysiyyatı ilə oynamaq, heç bir vicdana sığmır.
Biz aidiyyatı qurumlara öz şikayətlərimizi edəcəyik”.

Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S. Dadaşbəyli və onun tərəfdaşları SEPAH-la (İran İslam İnqilabı Keşişçiləri korpusu) əməkdaşlıqda təqsirləndirilirlər.
Onu da qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla S. Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev, Cahangir Kərimov 14 il, Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev 13 il, Emin Mehbalıyev, Mikayıl İdrisov, Rəşad İsmayılov 12 il, Mübariz Süleymanov 9 il, Faiq İsmayılov 6 il, Fətulla Bəbirova 3 il 6 ay, Zaur Orucov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Gülnaz Qənbərli

Gununsesi.info