“”Elçin Quliyev “həbs edən də, azad edən də, bizik” deyirdi - PƏRVİZ HƏŞİMLİ

  • By admin
  • 29 Aprel 2017 09:43

perviz

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun komandasına daxil olan, hazırda həbsdə olan, mühakiməsi həyata keçirilən general-mayor, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin ifadələri ortaya çıxıb. Məlum olub ki, Mahmudovun generalı ilk anlardan sabiq şefinin qanunsuz hərəkətləri haqda bildiklərini istintaqçılara deyib. 2 milyon manat “Şimal küləyi”nə vermələrinin təfərrüatlarını açıqlayıb. Üstəlik eşitdiklərini də istintaqçılara deməkdən çəkinməyib. Halbuki general eşitdikləri deməyə bilərdi. Amma deyib və Eldar Mahmudovun ən azı onun epizodu üzrə qandallanması üçün çox ciddi əsaslar yaradıb.
2013-cü ildə Elçin Quliyevin rəhbərlik etdiyi MTN-in Antiterror Mərkəzi tərəfindən həbs edilən, 8 ay oradakı istintaq təcridxanasında saxlanılmış, hazırda azadlıqda olan keçmiş siyasi məhbus, jurnalist Pərviz Həşimli ilə əlaqə saxlayıb Mahmudovun generalları haqda fikirlərini öyrəndik. P.Həşimlidən Elçin Quliyevlə təmasları haqda soruşduq, portretini cızmasını xahiş etdik.
Jurnalist deyir ki, həbs ediləndən sonra ilk olaraq məhz Elçin Quliyevin kabinetinə aparılıb: “Özündən razı halda kabinetində oturmuşdu. Şkafı açıb oradan vaxtilə yazdığım qəzetləri çıxarıb stolun üstünə atdı. Başqa imzalarla MTN-in əleyhinə yazdığım yazıları göstərdi. Niyə görə həbs edildiyimə işarə edirdi. Orada qaldığım ilk 3 ay ərzində hər gün məni təcridxanadan qanunsuz çıxarıb başıma torba keçirib Elçin Quliyevin kabinetinə aparırdılar. Elə olurdu ki, Elçin Quliyev saatlarla otağındakı başqa adamlarla danışır, telefonla kimlərləsə söhbətlər edirdi. Əllərim qandallı, başımda qara torba ayaq üstündə məni gözləməyə məcbur edirdi. Azacıq vicdanı olan, insanlığı olan belə hərəkətlərə yol verməzdi. Elçin Quliyev sanki bu durumdan həzz alırdı. Elə olurdu ki, nəfəsim çatmırdı, huşumu itirib yerə yıxılırdım. Elçin Quliyevin Eldar Mahmudovun əleyhinə ifadə verməsini oxuyanda təəccüblənmədim. Onun xisləti belədir”.

Perviz03 (1)
P.Həşimli deyir ki, E.Quliyev bu gün vaxtilə ona etdiyi təklifləri özü gerçəkləşdirməyə başlayıb: “Mənə təklif edirdi ki, filankəslərin üzünə dayan, səni respublikada tanınan 5 kişidən birinə çevirək. Nə qədər istəsən pul verək. Konkret adamların adını çəkirdi. Deyirdi ki, filankəs nazir olub, həbs elədik, Əli İnsanovla Fərhad Əliyevin üzünə qoyduq. Nə oldu ki? 1-2 il ona satqın dedilər, bu gün də bəy balası kimi yaşayır. Belə görünür ki, Elçin Quliyev həmin o satqın dediyi sabiq nazirin yolunu gedir. Özünün seçdiyi yoldur. Mən ona kabinetində dəfələrlə demişəm ki, cinayət törədirlər, qanunsuzluq edirlər. Bir gün bu hərəkətlərinə görə cavab verəcəklər. Bir dəfə yerindən qalxıb gəlib başımın üstündə dayandı. Dedi ki, bu respublikada tutan da, azad edən də bizik. Həbsimdən 2 il sonra tutanın özünü də tutdular. Bu gün də Eldar Mahmudovun əleyhinə ifadə verir. Vaxtilə etdikləri bu gün qarşısına çıxıb. Əməlləri qandala, evi də zindana dönüb. Mənə açıq deyirdilər ki, səni şərləmişik. Bax həmin o şərləmələrin cavabıdır bugünki halı”.

elchineldar
P.Həşimli deyir ki, o, “MTN işi” başlanan gündən iş üzrə zərərçəkən kimi tanınması üçün dəfələrlə müraciətlər edib. Həmin müraciətlərə cavab belə verilməyib: “Eldar Mahmudov, Elçin Quliyev və digərləri o qədər günahsız insanın həyatını altını-üstünə çevirib, o qədər insanın ailəsini dağıdıb özlərini həbsə göndəriblər ki… Bu günlərini isə heç düşünməyiblər, heç ağıllarına da gətirməyiblər. Amma həyatın bir qanunauyğunluğu var, etdiklərin pis və ya yaxşı əməl olmasından asılı olmayaraq bir gün mütləq qarşına çıxacaq və yaxşı ki, bunların qarşısına çıxdı”.
P.Həşimli deyir ki, Elçin Quliyevlə üz-üzə gəlmək, ona söylədiklərini xatırlatmaq istəyir: “Deyirdin ki, tutan da, azad edən də bizik. Haqsızlıq etdiyini, şər atdığını bilə-bilə bu sözləri deyirdin. Gözlərinin içinə baxıb bu sözləri ona demək istəyirəm”.
Xatırladaq ki, Pərviz Həşimli qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı Avropa insan haqları Məhkəməsinə müraciət edib.
E.MƏMMƏDƏLİYEV

Musavat.com