Vəkil Elçin Sadıqov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Qiyas İbrahimin işgəncəyə məruz qalması ilə bağlı Baş prokuror Zakir Qaralova və ombudsman Elmira Süleymanovaya müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda o sosial şəbəkədəki səhifəsində yazıb.
Vəkil Baş prokurordan gənc fəalın işgəncəyə məruz qalması ilə əlaqədar araşdırma aparıb cinayət işinin başlanmasını xahiş edib:
“Eyni zamanda, Cəzaçəkmə Müəssisəsinin videokamera lent yazısının alınması vəsatəti qaldırılıb. Çünki həmin lent yazılarında Qiyas İbrahimə işgəncə verilməsi faktları öz təsdiqini tapır”.
İyulun 8-də Qiyas İbrahimlə görüşən vəkil Elçin Sadıqov onun işgəncəyə məruz qalması haqqında sosial mediada yayılan məlumatı təsdiqləyib.
Elçin Sadıqov bununla bağlı Qiyas İbrahimin özünün müraciətini də mətbuatda yayıb.
Qeyd edək ki, Qiyas İbrahim Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Gülnaz Qənbərli
Gununsesi.info