Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitab yarmarkalarının təşkilinə qadağa qoyub.
Gununsesi.org xəbər verir ki, bu barədə “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, Hər il Nərimanov və Elmlər Akademiyası parklarında təşkil olunan endirimli kitab yarmarkalarına bu il icazə verilməyib. Yerli icra orqanları buna Eldar Əzizovun qadağa qoyduğunu deyiblər:
“Gənclik metrosunun yaxınlığında köhnə kitablar bazarını xatırlayan varmı? Hər həftənin şənbə-bazarında, bayram günlərində, ağacların kölgəliyində səkilərə düzülərdi.
Hökumət Evinin yaxınlığında, Kitab Evinin qarşısındakı kitab bazarını da yəqin, xatırlayarsız. Bu yaxınlarda avropalı birinin Bakı ilə bağlı xatirələrində o kitab bazarından böyük həvəslə bəhs etmişdi. İndi bu yerlər yoxdur. Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu. Kirə qiymətlərini kitab satmaqla ödəyə bilmədilər.
Köhnə kitab bazarları Bakının ən azı teatrları qədər qorunmağı haqq edir. Mədəniyyət mərkəzlərini deyə bilmirəm, çünki onlar qorunmadı.
Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. “Əlyazmalar yanmır deyirlər, amma “kitablar unudulur”, lazım gələndə hətta “yandırılır” – biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.
…Bu il isə OLMAZ! Deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir.
Əksinə olmalı deyilmi? Və əslində, biz də əksini gözləyirdik.
Parklarda keçirilən yarmarkalar hesabına nə qədər oxucu tapmışıq, nə qədər kitab dostu qazanmışıq. Oxuculardan kitablar haqqında nə qədər xoş sözlər eşitmişik. İndi bu məhrumiyyətin səbəbi nədir?
Ən zəif həlqə kimi niyə həmişə kitab seçilir? Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir…”