Hazırda həbsdə olan sabiq baş prokuror və sabiq səfir Eldar Həsənovun sağlıq durumu pisləşib.
Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.
“İki aya yaxındır ki, sabiq Baş Prokuror və səfir Eldar Həsənovun vəkiliyəm. Bu müddət ərzində E.Həsənov barəsində aparılan cinayət işi üzrə kütləvi informasiya vasitələrində hər hansı məlumatın verilməsinin əleyhinə olub. Lakin məni bu məlumatı paylaşmağa məcbur edən Eldar Həsənovun səhhətində yaranmış təhlükəli problemlər və kəskin ağrılardır. Ona tibbi yardım göstərilməsi üçün AR Baş Prokurorluğuna bir aydan artıqdır müraciət etməyimizə baxmayaraq, bu günə kimi bizə heç bir cavab verilməmişdir. Belə münasibət E.Həsənovun fiziki cəhətdən məhv olmasının arzulandığını göstərir. Dövlətinə uzun müddət xidmət edən 66 yaşlı şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur. Hətta bir neçə gün bundan əvvəl AR DTX-nin İstintaq Təcridxanasında saxlanılan Eldar Həsənov ilə görüşmək istəsəm də o, kəskin ağrılarına görə kameradan çıxa bilmədi. Hüquq mühafizə orqanlarının rəhbərləri gələcəkdə bu kimi ədalətsizliklə qarşılaşmayacaqlarından sığortalanmayıblar. Bu əsrdə belə amansız və qəddar münasibət insanı dəhşətə gətirir”.