Eldar Həsənovun yaxınları həbs qoyulan əmlakları üçün məhkəmə davası açıb - ÖZƏL

 

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 10 il azadlıqdan məhrum edilən sabiq səfir Eldar Həsənovun yaxınları özlərinin  həbs qoyulmuş əmlaklarına görə məhkəməyə baş vurub.

Gununsesi.info-nun xəbərinə görə, sabiq səfirin həbsindən sonra onun oğlunun, qızının və digər yaxınlarının da əmlakı üzərində həbs qoyulub.

Həsənovun yaxınları bunu qanunsuz hesab etdiyindən məhkəmə iddiası qaldırıb.

Gununsesi.info-ya  açıqlamasında xəbəri təsdiq edən  Eldar Həsənovun vəkili Valeh Mehralıyev deyib ki, proses oktaybr ayına ertələnib.

Saytımıza açıqlamasında vəkil, həmçinin hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Eldar Həsənovun durumu haqqında da danışıb:

“Eldar Həsənov bir neçə xəstəlikdən əziyyət çəkir. O, həbs edilmədən öncə ikinci tip şəkərli diabet olsa da, həbs müddətində artıq xəstəliyi birinci tipə çevrilib. Ona insulin inyeksiyası vurulur. Eyni zamanda başgicəllənmələri, yıxılmaları davam edir. Paroksizmal vertiqo xəstəliyindən əziyyət çəkir və bu, onu çox narahat edir. Ayağında şişlər olduğu üçün yerimə məhdudiyyəti var, çətinliklə yeriyir, vəkillərlə görüşə belə kömək olmadan gələ bilmir. Səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb idarəsindəki həkimlərin normal müdaxiləsi təmin olunmadığı üçün müayinə və müalicəsi bir qədər məhdudiyyətlədir. Bu da Eldar Həsənovun səhhətinə pis təsir göstərir”.

Xatırladaq ki, 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Eldar Həsənovun Bakıda tutulduğunu açıqlayıb. Avqustun 14-də Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, avqustun 17-də Prezident İlham Əliyev Eldar Həsənovu Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. E. Həsənov hazırda Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanır. Hazırda iş Ali Məhkəmədə, hakimlər İlkin Rəcəbov, Şahin Yusifov və Nazim Mövsümovun icraatındadır.

Gununsesi.info