Eldar Həsənovun məhkəmə istintaqı başa çatdı - SABİQ BAŞ PROKUROR YENİ SİRR AÇDI

  • By admin
  • 28 Dekabr 2021 14:08

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 1995-2000-ci illərdə Baş prokuror, daha sonra 20 ilə yaxın müxtəlif ölkələrdə səfir olmuş Eldar Həsənova sabah prokuror cəza istəyəcək.

Gununsesi.info xəbər verir ki, dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Həsənovun işi üzrə məhkəmə istintaqı başa çatıb və çıxışlar mərhələsi başlayır.
Amma prokuror çıxışa hazır olmadığını bildirib və hazırlaşmaq üçün vaxt istəyib. Ona dekabrın 29-na qədər vaxt verilib.
Məhkəmə iclasında isə xarici ölkə vətəndaşları olan şahidlərin istintaqdakı ifadələri elan olunub.
O şahidlərin əksəriyyəti Eldar Həsənovun səfir işlədiyi ölkələrdə yaşayan, səfirlik üçün alınan binaları satmış əmlak sahibləri, yaxud alqı-satqı prosesində vasitəçilik etmiş şirkətlərin təmsilçiləridir. Şahidlər məhkəməyə ərizə göndəriblər ki, pandemiya ilə əlaqədar məhkəməyə gəlmək istəmirlər, amma istintaqdakı ifadələrini təsdiqləyirlər.
Məktublardan görünür ki, sözügedən şahidlərin məhkəməyə ərizələrinin bir surəti də Baş Prokurorluğun İstintaq İdarəsinə ünvanlanıb. Eldar Həsənov və vəkilləri bu məqamı vurğulayaraq bildiriblər ki, məhkəməyə ərizənin surətinin prokurorluğa göndərilməsi artıq bu prosesin prokurorluğun təsiri altında aparılmasının sübutudur.
Vəkil Cavad Cavadov deyib ki, prokurorluq indiyədək də məhkəmədə dominantlıq edirdi, məhkəmə yalnız ittiham tərəfin mövqeyilə razılaşır, müdafiə tərəfinin heç bir vəsatətini təmin etmirdi.
Bu faktla isə prokurorluq məhkəmə prosesinə müdaxiləsini açıq şəkildə göstərir: “Bu, artıq sənədlərlə sübut olunur. Surətlərinin prokurorluğa göndərilməsi nə deməkdir? O anlama gəlir ki, bu işin istintaqı kimi, məhkəməsi də prokurorluğun nəzarətindədir. Biz onsuz da obyektivlik gözləmirdik, amma belə açıq-aşkar izlər buraxmaq, qabarıq şəkildə bunu eləmək anlaşılan deyil”.
Prokuror vəkilin iradıyla razılaşmayıb. O bildirib ki, şahidlər istintaq dövründə prokurorluq əməkdaşlarına ifadə veriblər, ona görə həmin ifadələri təsdiqlədiklərini çatdırırlar: “Bu şahidlər prokurorluğun əməkdaşlarına ifadə veriblər, ona görə ərizənin surətini prokurorluğa da göndərib çatdırırlar ki, “biz oradakı ifadəmizi təsdiqləyirik”. Biz burada otura-otura Serbiya və ya Rumıniyanın hansısa vətəndaşına nə təsirimiz ola bilər? Absurddur. Onlar Azərbaycanda deyil, Azərbaycan vətəndaşı deyil, bizim yurisdiksiyamızda deyil. Təsir nədə ifadə olunur, bunu anlaya bilmirəm”.
Digər vəkil Valeh Mehrəliyev vurğulayıb ki, əgər göndərilən ərizələrdə prokurorluğun iştirakı yoxdursa, əcnəbi Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin e-mail ünvanını haradan bilərdi? Çünki ərizə prokurorluqda konkret şəxslərin elektron poçtuna göndərilib.
Vəkillər onu da əlavə edib ki, məhkəməyə gətirilməyən əcnəbilərdən alınan ərizələrin hamısının məzmunu eynidir: “Bu da onu göstərir ki, şahidlər eyni mənbədən idarə olunur”.
Əmlak şirkətinin təmsilçisi olan əcnəbi şahidlərdən birinin ifadəsində göstərilib ki, o, səfirliyə bina satışıyla əlaqədar üç dəfə səfir Eldar Həsənivla görüşüb. Həmin görüşdə əlavə 7-8 nəfər iştirak edib, onlar qiymət məsələsini müzakirə ediblər.
Eldar Həsənov bu ifadədə yazılanların yalan olduğunu bildirib: “Yazılıb ki, guya mən avqust ayında 7-8 nəfərin iştirakıyla onları qəbul eləmişəm. 7-8 nəfərin iştirakıyla keçirilən toplantıda səfirin onunla ödəniş şərtlərini müzakirə etməsi necə ola bilər? Hələ layihə yox, hökumətin qərarı yox, bina təkliflərinin hamısı alınmayıb. Tələb vardı ki, seçim üçün 3 variant təklif olunmalıdır, Bakıya göndərilməlidir. Hansı binanın alınmasına Bakıda qərar verilirdi, seçim hüququ Xarici İşlər Nazirliyində idi. Bunlar olmadan necə ola bilər ki, mən qəbul eləyib, bunlarla qiymət danışım? Saxtakarlıq açıq-aydın ortadadır. İstintaqa bu barədə vəsatət verilib, lakin baxılmadan rədd edilib. Səfirliyə gələnlər həm elektron, həm yazılı kitabça, həm də videogörüntülərlərlə izlənilirdi. Nə vaxt olub bunun gəlib mənimlə görüşməyi, sübut qoyulsun ortaya. Mən dağam ki, bu qədər haqsızlığa dözürəm. Mən “harada imzam, orada başım” prinsipinə əməl eləyənlərdənəm. Sonuncu sətrə qədər oxuyub, sonra imza atıram…”
Eldar Həsənova qarşı irəli sürülmüş ittihamlarda səfirlik üçün binaların alınması, səfir olduğu ölkələrdə humanitar layihələr, o cümlədən parkların salınması zamanı mənimsəməyə yol verilməsindən bəhs olunur. Eldar Həsənov Rumıniyada səfir olanda paytaxt Buxarestdə Tey parkı, Serbiyada səfir olanda isə Belqradda Taşmaydan parkı salınıb və orada Heydər Əliyevin heykəli, büstü yerləşdirilib.
Eldar Həsənov isə humanitar layihələrə heç bir aidiyyəti olmadığını, həmin layihələri Azərbaycan hökumətinin nəzarətdə saxladığını bildirir. Onun sözlərinə görə, mərhum memar Eldar Hüseynovu Azərbaycan hökuməti bu məqsədlə həmin ölkələrə göndərmiş, ona ayrıca diplomatik pasport da vermişdi.
Təqsirləndirilən sabiq səfir hakimlərə üz tutaraq, onlardan xüsusən bu iki parkla bağlı ittihamda yer alan məsələlərə həssas yanaşmalarını istəyib: “Mənə 15 yox, lap 35 epizod üzrə ittiham verib, amma bu iki ünvana ləkə salınmasına imkan verməyin. İllər keçsə də, bu iki ünvan hər bir azərbaycanlı üçün müqəddəs yer olaraq qalacaq – istər Taşmaydan parkı, istərdə də Tey parkı. Təkcə mən yox, heç bir azərbaycanlı o iki ünvanla bağlı haram tikəyə dönüb baxmaz, o namərdliyi, o nakişiliyi boynuna götürməz, xristian məkanında ulu öndərin adıyla bağlı olan yerə ləkə gətirməz. Müstəntiqin düşüncəsi bura qədərdir ki, belə şeyləri bura yazıb. Siz hakimdən xahiş edirəm, bu iki ünvanla bağlı məsələyə diqqətlə yanaşasınız. Mənə qarşı 15 epizodu 35 epizod eləyin, amma bu günaha batmaq lazım deyil”.
Eldar Həsənov 1995-ci ildə dövlət çevrilişinə cəhdə görə həbs olunan iki türklə bağlı o vaxtkı prezident Heydər Əliyevin tapşırığını da hakimlərin nəzərinə çatdırıb: “Hər ikisi türk idi, amma biri Avstriya, biri Türkiyə vətəndaşı idi. Onda mən Baş prokuror, Xanlar Hacıyev isə Ali Məhkəmənin sədri idi. Ulu öndər Heydər Əliyevin bir fikri oldu və bunu ilk dəfə danışıram. Dedi ki, bu cinayət işiylə bağlı türk sözünü gündəmə gətirməmək mümkündürmü? Yəni türk olmaları qabardılmasın. Dedi ki, biz hamımız gəldi-gedərik, amma bu iş 100 illərlə arxivdə qalacaq. Türkiyə vətəndaşı bütün Türkiyə, bütün türk xalqı deyil. Biz 11 gün işlədik, o işi təmizlədik, bu gün arxivlərdə qalan materiallarda iz buraxmadıq. Bu misalı çəkməyin səbəbi var. Məni nədə istəyirsinizsə, ittiham edin, nə cəza istəyirsinizsə, verin. Amma bu iki ünvan orada yaşayan azərbaycanlılar üçün müqəddəs yerdir. Onlara ləkə yaxılmağına imkan verməyin. Sizdən bunu xahiş edirəm”.
Budəfəki məhkəmə iclasında da Eldar Həsənovun durumu bir neçə dəfə pisləşib, Təcili Tibbi Yardım həkimlərinin müdaxiləsindən sonra durumu nisbəıtən yaxşılaşıb və məhkəmə davam etdirilib. Vəkillər onun ev dustaqlığına buraxılması, xəstəxanada müalicəsinə şərait yaradılması haqda vəsatətlər versələr də təmin olunmayıb.
Daha sonra hakimlər məhkəmə istintaqının yekunlaşması haqda tərəflərin fikrini soruşanda sabiq səfirin vəkilləri bildirib ki, hələ onların müəyyən məsələlərin araşdırılması üçün vəsatətlər olacaq. Ona görə də hələ istintaqı yekunlaşdırmaq olmaz. Lakin hakimlər məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edib.
Məhkəmə prosesi dekabrın 29-da prokurorun çıxışıyla davam edəcək.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

 

Gununsesi.info