Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət - Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalıb

  • By admin
  • 01 Mart 2022 21:47
Hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru , sabiq səfir Eldar Həsənovun övladları Prezident İlham Əliyevə müraciət edib. 
Gununsesi.info -ya təqdim edilən müraciəti təqdim edirik:
Həsənov Eldar Hümbət oğlunun övladları
Hüseynova Səbinə Eldar qızı
Qurbanova Emilya Eldar qızı
Həsənov Anar Eldar oğlu tərəfindən
MÜRACİƏT
Çox hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan!
Bu müraciəti Sizə 28 il yaxından tanıdığınız, Sizə sadiq olan Eldar Həsənovun övladları olaraq göz yaşları içində yazmağa məcburuq. Allah heç bir kimsəyə bizim çəkdiyimiz əzabları, iztirabları, göz yaşlarını, ah-naləni qismət etməsin.
Atamızın 28 ildə heç vaxt heç bir tərəddüd etmədən etdiyi xidmətlər, gördüyü işlər, hamıdan çox Sizə daha yaxşı məlumdur. Məruz qaldığı ədalətsizliklərə, zülmlərə, təqiblərə, ayrı-seçkiliyə baxmayaraq məhkəmədə son sözündə ömrünün sonuna qədər sədaqətli qalacağını bildirən insana ağlımıza, yuxumuza belə gəlməyən, layiq olmadığı ən ağır cəza verildi.
Əgər həqiqətən atamız milyonlar mənimsəmişdisə, niyə biz 3 övladdan 2-si gəldiyimiz gündən bəri Türkiyədə kirayədə yaşayır? Niyə heç birimizin bir dənə də olsun şəxsi maşınımız yoxdur? Niyə illərdir ki, biz övladlar və ailə üzvlərimiz 2 yerdə, bəzilərimiz isə 3 yerdə çalışırıq? Niyə Bakıda müsadirə olunan 2-3 otaqlı mənzillərimizdən illərdir ki, heç birində təmir belə olunmayıb, hamısı uçub-dağılmış vəziyyətdədir. Bunların hamısını baxış keçirən istintaq işçiləri öz gözləri ilə görəndə təəccüblərini, mənəvi əzab çəkdiklərini açıq dilə gətirdilər. Əgər milyonlar mənimsənilirdirsə, nədən ailəmizin Azərbaycanda, çalışdığımız Türkiyədə bir ticarət obyekti yoxdur ?!  Yeri gəlmişkən, bildiririk ki, atamızın Səfir kimi fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, 20-30 il bundan əvvəl vicdanlı vətəndaş kimi öz adımıza aldığımız hər 3 övladın əmlaklarının üzərinə qanunsuz həbs qoyuldu, müsadirə olundu.
Amma biz övladlar bundan məyus deyilik, dünya malı dünyada qalır, biz heç vaxt ərkəsöyün böyüməmişik. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Onun məsləhəti, təşəbbüs və xeyir-duası ilə Bakıda, Böyük Britaniyada, İsveçrədə təhsil almışıq. 3 övladdan- ikimiz elmlər doktoru, birimiz isə elmlər namizədiyik (beynəlxalq hüquq, tibb, iqtisad elmləri üzrə).
Möhtərəm, cənab Prezident,
Sizə çox məlumatlar verə bilərlər, hətta Sizi qəzəbləndirən məlumatları da qisas almaq üçün xüsusi olaraq hazırlayıb, təqdim edə bilərlər. Amma Siz çox təcrübəli, müdrik insansınız, böyük siyasətçisiniz, dərin təhlil qabiliyyətiniz var. 2-ci Qarabağ müharibəsində bizim də doğma yurdumuz Kəlbəcər rayonu  daxil olmaqla 30 il işğal altında olan əzəli torpaqlarımızı qəhrəmancasına azad edərkən bunun əyani şahidi olduq. Bu gün də bu uğurlara söykənərək yeni Azərbaycan qurursunuz. Buna görə Sizə dünyalar qədər minnətdarıq. Əfsuslar olsun, 1-ci Qarabağ müharibəsində Qazaxdan- Naxçıvanadək var gücü ilə çalışan, müharibədə iştirak edən atamız bu sevinci həbsdə yaşadı. Hətta saxlanıldığı həbs yerindən Sizə təbrik və minnətdarlıq məktubları göndərdi.
Biz övladlar olaraq gənc yaşlarımızdan bu günə qədər atamızın bizə aşıladığı Heydər Əliyev siyasi xəttinə sadiq olmuşuq. Bu gün də bu düşüncədə, bu əqidədəyik.
Möhətərəm cənab Prezident,
Atamız haqqında Sizə qisas almaq məqsədilə yalan, uydurma, şər-böhtan xarakterli məlumatı verməklə həbsinə nail olanlar bizə məlumdur. Baxmayaraq ki, onlar hər vasitə ilə bizə çatdırırlar ki, onlarlıq bir məsələ yoxdur, ən yüksək səviyyədə verilmiş göstərişdir, biz sadəcə icraçıyıq və elə düşünürlər ki, biz də bu nağıllara inanırıq. Yeri gəlmişkən son 15 ildə Azərbaycanda həbs olunan, tanınan hər kəslə bağlı bu standart ifadələri elə Sizin rəhbərliyiniz altında çalışan bəzi insanlar bilərəkdən yayır. Bunu da bilməyinizdə fayda var. Nəticədə 13.08.2020-ci il tarixdə atamız XİN ilə bağlı başlanmış cinayət işi üzrə həbs olundu. Az bir müddət sonra XİN-dən bütün həbs olunanlar azadlığa buraxıldı (Allah hamısının qapısını açıq etsin), buna baxmayaraq yaşça onlardan 8 il fərqlə ən yaşlısı 67 yaşında olan atamız bu günə qədər həbsdədir. Azərbaycanın xarici ölkələrdə 78 səfirlik və diplomatik nümayəndəliyi olsa da, yalnız Avropada ən az büdcəsi olan atamızın çalışdığı Səfirliyin 20 illik fəaliyyəti yoxlanıldı.
Ailəmizin, qohum-əqrəbalarımızın, yaxınlarımızın hamısının evlərində Prokurorluq və məhkəmə qərarları ilə axtarışlar aparılır, 38 nəfərin barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Nəticədə istər atamız,  istərsə də biz, ailə üzvləri, qohum-əqrəba ilə bağlı bir dənə də olsun qanunazidd əməl, fakt aşkar olunmadı. Heç bir müqavilə-kontrakda, bank-maliyyə sənədlərində imzası olmayan, əleyhinə heç bir şahid ifadəsi olmayan bir insan barəsində günahsız olduğuna baxmayaraq hansısa möhtəbər sübutlara yox, ehtimal və mülahizələrə əsasən çox amansız bir hökm oxundu.
Əminik ki, bütün bunları qorxularından Sizdən gizlədirlər. Məhz buna görə də Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalaraq bu gün də həbsdədir.
Möhtərəm, cənab Prezident!
Yüksək diqqətinizə çatdırırıq ki, atamız son 5 ildə 7 ağır cərrahi əməliyyat keçirib. Həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar oldu. O, 3 dəfə DTX hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən yarımçıq saxlanılaraq istintaq təcridxanasına qaytarıldı. Son 5 aydır ki, qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik  31 dərman qəbul edən bir insana belə qeyri-insani, qeyri-humanist, amansız, qəddar  münasibət olarmı?! Düşünün, sivil dünyanın hansı ölkəsində belə bir hal ola bilər?! Bunların hamısını Sizdən gizlədirlər.
Anamız Elmira Həsənova 5 aydır ki, ağır xəstəlikdən Türkiyədə xəstəxanadadır. Hər gecə birimiz yanında qalırıq, övladlar olaraq bilmirik kimin yanında olaq, kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək?! Bunlar bizim övlad kimi müqəddəs borcumuzdur, amma biz yaşadıqlarımızı Allah heç kimə qismət etməsin.
Ona görə də, Sizə müraciətimizi başlayanda “göz yaşları içində” ifadəsini işlədəndə həqiqəti söyləyirik. Hələ onu demirik ki, bir qardaşımız var, onun toyu, bizim övladların elçiliyi, nişanı hamısı dayandırılıb. İl yarımdır ki, yas içindəyik.
Möhtərəm cənab Prezidentimiz,
Məhkəmədə Atamız son sözündən sonra ailə üzvlərinə, qohum əqrəbasına, yaxınlarına, vəkillərinə KİV-də sosial şəbəkələrdə onunla bağlı hər hansı bir çıxışa, müraciətə, müzakirəyə, müsahibəyə qəti qadağa qoydu. Bu günə qədər də sağ olsunlar hər kəs  O, ağsaqqal sözünə riayət edir. Ona görə də bilmirik ki, bizim sifarişli poçtla göndərdiyimiz bu müraciətin Sizə çatmasına imkan verəcəklərmi? Ümid edirik ki, bu dəfə mane olmayacaqlar. 19-cu aydır ki, çoxsaylı ərizə və müraciətlərimizlə bağlı  heç bir dövlət qurumundan bir kəlmə də olsun nə yazılı, nə şifahi bir cavab verən olmadı, heç kim qəbul etmədi.
İndi bir anlığa təsəvvür edin bizim düşdüyümüz vəziyyəti, bir vətəndaş kimi bizə olan münasibəti. Ona görə də Allahdan sonra tək ümid yerimiz, inam yerimiz Sizsiz cənab Prezident.
Atamızın Apellyasiya Məhkəməsi mart ayında- Novruz bayramı ərəfəsindədir. Allah qorusun, Sizin də ləyaqətli 3 övladınız var. Uca Tanrımız heç vaxt onlara ağır gün qismət etməsin, həmişə üzləri gülsün.
Biz üç övladın yaşadıqlarını, düşdüyümüz ağır durumu, Ata-Ana ah-naləsini, fəryadını nəzərə alıb ağır xəstə olan 67 yaşlı Atamızı həbsdən azad etməyinizi Sizdən çox xahiş edirik. Bəlkə xəstəxanalarda Onu müalicə etdirməklə həyata qaytara bilərik.
Səbinə Eldar qızı Hüseynova                                                  
Emilya Eldar qızı Qurbanova                                                 
Anar  Eldar oğlu Həsənov