Eldar Həsənovun qızı: “Atam elə bir adamdır ki, onun zərrə qədər günahı olsaydı, bunu kişi kimi etiraf edərdi” - İstintaq niyə bir fakt, sübut, dəlil tapıb ortaya qoya bilmədi?

  • By admin
  • 18 Sentyabr 2021 23:10

Hazırda həbsdə olan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova atasının sağlıq durumu və ona verilən ittihamlarla bağlı yazı yazıb.

Gununsesi.info Səbinə Hüseynovanın sosial şəbəkə hesabına istinadən həmin qeydləri təqdim edir:

Dünən də yazmışdım ki, məhkəmədə atamı o ağır vəziyyətdə görəndə şok oldum. İkinci dəfə idi ki, onu belə görürdüm. Gözümün önündə huşunu itirib, özündən getdi.

Təcili yardım həkimləri məhkəmənin dəhlizində onu süni nəfəs aparatına qoşdular. Bu qorxunc idi, nə edəcəyimi bilmirdim.

Mən uşaqlıqdan atamı mərd, ləyaqətli, ölümdən belə qorxmayan, vətənpərvər və fədakar insan kimi tanıyıram. Əminliklə deyirəm ki, onun heç bir günahı yoxdur. O, nə Azərbaycan, nə Prezident İlham Əliyevin əleyhinə heç nə etməyib. Ortada bir yanlış anlaşılma var. Çox güman ki, atamla bağlı Prezidenti yalan, saxta ittihamlara inandırıblar. Ona görə də atam həbs olunduğu ilk gündən ittihamları qəbul etməyib, özünü təqsirsiz saydığını bəyan edib.

Mənim atam elə bir adamdır ki, onun zərrə qədər günahı olsaydı, bunu kişi kimi etiraf edər və Prezidentdən və Azərbaycan xalqından üzr istəyərdi. O, bütün həyatını Azərbaycan dövlətinin inkişafına, öncə baş prokuror, sonra səfir olduğu müddətdə dövlətin maraqlarını qorumağa, ölkəmizi tanıtmağa, Azərbaycana dostlar qazandırmağa həsr edib. Onun çalışdığı səfirliklər bazar günləri də işləyirdi. Səfir olduğu 4 ölkədən 2-si Xocalı soyqırımını tanıyıb, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. Prezident İlham Əliyevin xarici siyasətindən irəli gələn vəzifələri bir diplomat kimi uğurla həyata keçirib.

Səfir olduğu ölkələrdən 2-də Ulu öndər, mərhum Heydər Əliyevə abidə ucaldılıb. Buxarest şəhərində 3 xarici dövlət adamının heykəli var: Şarl De Qoll, Mustafa Kamal Atatürkün və böyük Heydər Əliyevin! O, bunları vətənə və dövlətçiliyə sonsuz sevgisindən edib. Bizi, 3 övladını da bu ruhda böyüdüb. Sadaladığlarım atamın xidmətlərinin çox cüzi hissəsidir və istəsəm də  hamısını qeyd edə bilmərəm. Bir övlad, bir vətəndaş olaraq  atamın səhhətində baş verən ağrılı və sarsıntılı durumunu izləmək mənə çox təsirli və dözülməz gəlir. Onun yuxarıda qeyd etdiyim fədakarca xidmətlərinin olmasına baxmayaraq, bu gün o, özünə qarşı ədalət görmür və çox köməksiz vəziyyətdədir. Halbuki o, həmişə Prezident İlham Əliyevi özünə lider və qardaş sayıb. İndi onun məktub və müraciətlərinin İlham Əliyevə çatdırılmasına mane olurlar, hər vəchlə qarşısını alırlar. Qeyd edim ki, istintaq atamla bağlı 51 cildlik biabırçı, saxta və qondarma ittiham hazırlayıb.Hansı ki, açıqlansa, dövlətlərarası qalmaqal yarada, Prezident İlham Əliyevin uzun illər böyük zəhmətlə qurduğu, həyata keçirdiyi xarici siyasətimizə böyük zərbə vura bilər. Bunu niyə edirlər? Atamı öldürməkmi istəyirlər? Bizim onun xəstəlikləri ilə bağlı müraciətlərimizi niyə cavabsız qoyurlar? Mən, atamın xəstəliyi ilə bağlı hər gün Prezidentə və 1-ci xanım Mehriban Əliyevaya teleqramlar göndərirdim. Amma təəssüf edirəm ki, bir dəfə də reaksiya verilmədi. Axı mənim atam sıradan biri deyil, o görkəmli dövlət xadimi, diplomat, hüquq elmləri doktoru, professor, yüzlərlə məqalənin, 28 kitabın müəllifidir. BDU-nun və dünyanın bir çox aparıcı unuversitetlərinin Hüquq fakültəsinin tələbələri atamın yazdığı kitablardan dərs keçirlər. Belə bir adamı 1 ildən artıqdır ki, qondarma, həqiqətlə heç bir əlaqəsi olmayan ittihamlarla necə həbsdə saxlayırlar? Dünyanın hansı ölkəsində səfir həbs olunur? Axı səfir Elçidir! Qədim zamanlardan elçi dövlətin də, dövlət başçısının da siması, sözçüsü sayılıb, mötəbər adam sayılıb. Səfirin həbs olunması, təcridxanada saxlanılması durumu, onun özündən çox dövlətin imicinə zərbədir. Axı hər dövlətin illərlə, əsrlərlə formalaşan, qəbul olunan, zehinlərə həkk olan adət- ənənələri olur. Bir səfirin həbs olunması, dövlətçilik ənənələrinə də, dövlət maraqlarına da tamamilə ziddir.Sizcə başqa ölkələrdə səfirlərin səhvləri, yanlışları olmurmu?Amma dövlətçilik maraqları tələb edir ki, bu məsələ ictimailəşdirilməsin, dövlət onu bağlı qapılar arxasında həll etsin.Sizin də tanıdığınız səfir adı çəkə bilərəm ki, indi haradadır, harada işləyir, hansı fəaliyyətlə məşğuldur, bilən varmı? Cəzalandırmağın başqa yolları da var, vəzifədən uzaqlaşdırma, ev həbsi və s.və i. Bir il ərzində atamla niyə söhbətlər aparılmadı, nədə ittiham olunursa, o mətləblərlə bağlı niyə atamın fikirləri də dinlənilmir? 51 cildlik saxta ittihamlar yerinə bunu etmək, atamla səmimi söhbət etmək olardı axı. Araşdırmalar, istintaq niyə bir fakt, sübut, dəlil tapıb ortaya qoya bilmədi? Korrupsiya ittihamları ilə kimi inandırmaq olar? Ortaya bir maliyyə sənədi qoya bilərsinizmi ki, orada atamın imzası var?Axı səfir istəsə belə maliyyə sənədlərinə müdaxilə edə bilməz.Biz 1 ildir ki, bu nəhəng yalanların arasında ədalət gözləyirik. Atam ölüm ayağındadır, hər an həyatını itirə bilər. Həbs olunana qədər 7 dəfə əməliyyat olunan, ağır xəstəliklərdən əziyyət çəkən, təcili ürək əməliyyatı diaqnozu qoyulan, vertiqo kimi ağır xəstəliyə tutulan atama qarşı niyə ədalət yoxdur?

Ulu öndər Heydər Əliyev deyirdi ki, ədalət – ədalətsizliklə bərpa oluna bilməz!!!

Biz bütün ümidlərimizi Prezident İlham Əliyevə bağlayaraq atama qarşı Ədalət gözləyirik. Ədalət və Mərhəmət!

66 yaşlı xəstə atam bunu haqq edir…

Səbinə Hüseynova

Gununsesi.info