Eldar Həsənovun vəkilindən müstəntiqə ağır sözlər - BÜTÜN VƏSATƏTLƏRİ YOXLAMADAN RƏDD EDƏN, KOBUD, QABA DAVRANIŞLI...

  • By admin
  • 30 Mart 2021 18:52

Hazırda həbsdə olan Azərbaycanın sabiq Baş Prokuroru, keçmiş səfiri Eldar Həsənovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxslə bağlı özünün sosial şəbəkə hesabında qeydlər paylaşıb.

Gununsesi.info xəbər verir ki, tanınmış vəkil Eldar Həsənovun işini aparan müstəntiqi qanunsuzluqda, ədalətsizlikdə ittiham edib.

Vəkilin qeydlərini  təqdim edirik:

Hüquq elmləri doktoru, professor, sabiq Baş prokuror, 20 il davamlı Azərbaycanın bir neçə ölkədə səfiri, bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvü 28 kitab müəllifi, dövlətinə, Prezidentinə hər zaman sədaqəti ilə tanınan  Eldar Həsənovun taleyi barəsində aparılan cinayət işi əslində təcrübəli, peşəkar bir müstəntiqə tapşırmalı idi.

Amma  cinayət işi yetərincə istintaq təcrübəsi olmayan əslində Yusif İldırımzadə “təcrübəsi və yetişdirməsi olan” dərin hüquqi bilikdən çox uzaq, ömründə bəlkə də beş kitab oxumayan, kobud, qanunsuz, təzyiqetmə metodları ilə çalışan, bənzəri olmayan cavan birisinə tapşırılmışdır.

Kimlərinsə dəstəyi ilə vəzifə tutmaq olar amma ədalətli olmaq, qanuni fəaliyyət göstərmək, vəkillərin vəsatət və şikayətlərinə diqqətlə, məsuliyyətlə, qanun çərçivəsində baxmaq başqa bir və son dərəcə vacib bir şərtdir. Burada deyirlər, baxın kimin taleyini kim həll edir…

Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, insan səhhətinin ən kritik anlarını yaşayan birinin yanına 2 aydır həkimlərin buraxılmasına icazə verməmək nə dinə, nə imana, nə qanunlarımıza sığan kobud qanun pozuntusu ilə yanaşı böyük bir günahdır. Ey müstəntiq, Teymur Qarayev, vəkillərin vəsatətlərinin 96%-ni araşdırmadan, yoxlamadan rədd edən, kobud, qaba davranışı ilə seçilən ərkəsöyün gənc müstəntiq, Allah sonrasından saxlasın.

Eldar Həsənova Allah səhhətində kömək olsun. O, çox savadlı hüquqşünas kimi özünü sonadək müdafiə edib günahsızlığını sübuta yetirəcək. Yazıqlar olsun başqa peşə sahiblərinin gününə ki, onların cinayət işinin istintaqını da belələri aparsın. “Mənlik bir məsələ yoxdur, bütün qərarları prokurorluğun rəhbərliyi verir,mən sadəcə icra edirəm”- deməkdən belə utanmayan, özünə çıxış yolu bilən müstəntiqlərdən Allah millətimizi qorusun.

 

Gununsesi.info