Eldar İbrahimov prezidentin sərəncamını belə şərh etdi

Eldar İbrahimov prezidentin sərəncamını belə şərh etdi

“Bu sərəncam ölkədə aqrar sektorun inkişafına böyük təkan verəcək”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncama münasibətini bildirərkən deyib.

O, ölkə Prezidentinin addımını alqışladığını və müsbət qiymətləndirdiyini bildirib:

“Bu, hər birimizin, xüsusilə, kənd təsərrüfatı, aqrar sektor ilə bağlı olan insanların hamısının ürəyindəndir. Bu, çox mühüm və çox önəmli bir sərəncamdır, addımdır. Belə bir sərəncama görə dövlət başçısına minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk”.

Komitə sədrinin sözlərinə görə, aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı dövlət büdcəsindən 160 milyon manat vəsaitin ayrılması ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişafına çox müsbət təsir göstərəcək və çox böyük töhfə verəcək.

Azərbaycanda aqrar sektorun, kənd təsərrüfatının inkişafına dövlət qayığısı göz önündədir. Ümummilli lider Heydər Əliyevin dövründən başlayan, yəni, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi siyasəti ölkə Prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə də uğurla davam etdirilib, bu dəstək daha da artırılıb.

Məhz bunun nəticəsidir ki, dünyada iqtisadi böhranın, qlobal kataklizmlərin yaşanmasına baxmayaraq, Azərbaycanda dinamik və sürətli inkişaf mümkün olub, kənd təsərrüfatının, aqrar sektorun dirçəliş prosesi, mərhələsi yaşanıb və bu yöndə işlər uğurla davam etdirilməkdədir.

Azərbaycan bu gün özünü kənd təsərrüfatı, yerli ərzaq, qida məhsulları ilə tam təmin edir. Ölkədə taxıla tələbat tam ödənilib. Həmçinin, pambıqçılıq, tütünçülük, çaycılıq, çəltikçilik, baramaçılıq və digər sahələrlə bağlı önəmli addımlar atılıb və atılmaqdadır. Bu yöndə bir sıra sərəncam və fərmanlar imzalanıb, dövlət proqramları qəbul olunub.

Kənd təsərrüfatının, aqrar sektorun inkişafına həsr olunmuş ümumrespublika müşavirələri keçirilib, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən bu, yüksək səviyyəli dövlət tədbirlərində dövlət başçısı tərəfindən önəmli mesajlar verilib, mühüm tapşırıq və göstərişlər verilib.

Eyni zamanda, kənd təsərrüfatı, aqrar sektor ilə məşğul olan insanlar, kənd əməkçiləri torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunublar. Bununla yanaşı, ölkədə kənd təsərrüfatının inkişafı yönümündə yeni əkinə yararlı torpaq sahələri istifadəyə verilib və sairə. Yəni, Azərbaycan dövlətinin, ölkə Prezidentinin aqrar sektorun inkişafına münasibəti, diqqət və qayğısı, bu qayğının nəticəsində də yaşanan inkişaf, intibah göz qabağındadır.

Ancaq Sərəncamda da vurğulandığı kimi, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir.

Bu baxımdan da, ölkə Prezidenti bu məsələyə 160 milyon manat vəsait ayırıb. Hesab edirik ki, bu vəsait də balaca vəsait deyil, çox böyük vəsaitdir və tezliklə bu yöndə-nəzərdə tutulan məqsədlərin reallaşdırılması istiqamətində böyük töhfəsini verəcək.

Azərbaycanın kənd təsərrüfatının inkişafında, onun texniki təminatının təmin edilməsində növbəti mərhələ yaşanacaq, Azərbaycan həm də güclü, inkişaf etmiş kənd təsərrüfatı ölkəsi kimi, dünyaya nümunə olacaq”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

H.Nihat

Gununsesi.info

COMMENTS