XƏBƏR LENTİ

15 Dekabr 2017

21 Noyabr 2017 - 16:38

“Eldar Mahmudovun əməlləri nəticəsində Beynəlxalq Bank bu vəziyyətə gəlib”- ZAHİD ORUC

“Bir aya yaxındır ki, büdcə layihəsi təqdim olunub. Ancaq bu günə qədər heç bir hökumət nümayəndəsi televiziyada ətraflı çıxış etməyib. Büdcə təkcə bir ilə deyil, gələcəyə hesablanmış addımlardır”.

Gununsesi.info xəbər verir ki, bunu parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, maliyyə naziri Samir Şərifov Beynəlxalq Bank haqqında ağrıdıcı məsələlərə toxunub: “Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bank bu vəziyyətə gəlib. Bankın hesabatlarında bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problem öhdəlikləri var. Bu isə o, deməkdir ki, Beynəlxalq Bank vətəndaşlardan daha çox dövlətə zərər verib”.

Səhiyyə sahəsində yaşanan problemlərə toxunan Zahid Oruc deyib ki, hər gün 500 uşaq Milli Onkologiya Mərkəzinə müraciət edir: “Bunu mərkəzin baş həkimi hörmətli Cəmil Əliyev müsahibəsində deyib. Bu uşaqların 30 faizinə xərçəng diaqnozu qoyulur. Bu da bir ay üçün 4500 uşaq deməkdir. Büdcədən səhiyyəyə ayrılan xərclər isə dəyişməyib. Mən hər zaman demişəm ki, dövlət gedib hansısa kənddə xəstəxana tikməməlidir. Bunu özəl sektor etməlidir. Ancaq bir məsələyə diqqət çəkmək istəyirəm. Professor Cəmil müəllim deyir ki, gündə 500 nəfər uşaq xərçək xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət edir. Ancaq onların hamısı xərçəng xəstəsi deyil, yalnız 30 faizi bu xəstəklikdən əziyyət çəkir. 30 faiz isə 150 nəfər deməkdir. Əgər körpələrin xərçəngə tutulmasının səbəbləri biz böyükləriksə, bunun qarşısı hansısa bir yolla alınmalıdır”.

Zahid Oruc hesab edir ki, baxçaların tikintisini dövlət yox, özəl sektor üzərinə götürməlidir: “Hər il 107 min uşaq dünyaya gəlib. Dövlət nə qədər çalışsa da bu qədər uşaq üçün baxça tikə bilməyəcək. Bunu özəl sektor etməlidir”.

Mürtəza

Gununsesi.info