Eldar Mahmudovun “Akula”sından şikayət

  • By admin
  • 06 Avqust 2016 09:13
akula
Ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun “sağ əli” olan, məlum olaylardan sonra ölkədən açan “Akula” ləqəbli Akif Mustafayev haqqında ilginc faktlar məlum olub. 
Belə ki, “Afina” MMC-nin direktor müavini olmuş, mənzilləri vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməkdə ittiham olunaraq 10 il həbs cəzası almış Qüvvətəli Süleymanovun xanımı Sevda Süleymanova “Yeni Müsavat”a gələrək əri və ailəsinin başına gələnlər haqda danışıb.
Gununsesi.info həmin söhbəti təqdim edir:
S.Süleymanova bildirib ki, başda “Akula” olmaqla, “Afina” MMC-nin payçıları – Nail Şahverdiyev, Qurban Mahmudov, həmçinin “OMAKS 3″ MTK-nın payçıları Yasin Cabbarov, sədri Emin Namazov və digərləri birləşərək təhdid və ölüm hədələri ilə əri Qüvvətəli Süleymanovu ərizələrə imza atmağa məcbur ediblər. Beləliklə, bütün günahları onun boynuna atmaqla həbs etdiriblər: ”Mən və həyat yoldaşım Qüvvətəli Süleymanov qanunsuzluğun, haqsızlığın, ədalətsizliyin qurbanları olmuşuq. Yoldaşım 2006-cı il tarixdən “Afina” MMC-də tikinti işləri üzrə iş icrası vəzifəsində işləməklə bərabər, şirkətə xeyli sərmayə qoymuşdu. Həmçinin 2010-cu ildən “OMAKS 3″ MTK-nın da tikinti işlərinə köməklik göstərərək xeyli sərmayə qoymuş və onların tikinti işlərində yaxından iştirak etmişdi. 2011-ci ilin sonu və 2012-ci ilin əvvəllərində yoldaşım ”Afina” MMC-dən və “OMAKS 3″ MTK-dan qoyduğu sərmayəni geri tələb edib. Buna görə o, ”Afina” MMC-dən iş icraçısı vəzifəsindən azad edilib. Bundan sonra mənim və həyat yoldaşımın qara günləri başladı.
Ərim 24 fevral 2012-ci il tarixdə rəsmi qaydada ərizə verərək işdən çıxıb. Buna baxmayaraq, bütün saxta müqavilələr 25 fevral 2012-ci il tarixdən bağlanılmış, həmin müqavilələrin guya rəsmi olaraq onun tərəfindən bağlanılması  göstərilib. İşdən çıxmış şəxs tərəfindən alqı-satqı müqavilələrin bağlanılması və həmin müqavilələrin möhrlə təsdiq edilməsi qeyri-mümkündür.
Yoldaşımın sözlərinə görə, həmin ərəfələrdə “Afina” MMC-nin payçıları Nail Şahverdiyev tanışı Vüsalla bir yerdə onu «Axundov bağı»na aparıb, orada mobil telefonla kiməsə zəng edib.
Zəng zamanı telefonun səs ucaldanını açıb ““Akula”, Qüvvətəlini gətirmişəm, bağda sizi gözləyirik” deyib. Yoldaşım vəziyyətin gərgin, həyatının təhlükədə olduğunu görərək oradan qaçmağa nail ola bilib.
Bundan sonra yenə görüşərək  ondan ərimə məxsus olan bütün əmlaklarını Vüsalın adına keçməsini tələb ediblər. Ərim özü və ailəsinin həyatını təhlükədə qoymamaq üçün məcbur qalaraq əvvəlcədən tərtib olunan ərizənin sonuna imzasını atıb. Sonra isə onu skype ilə qurumun əsas təsisçisi, Moskvada yaşayan Mübariz Məmmədovla danışdırıblar. O, “Qüvvətəli, sənə nə deyirlərsə ona əməl et, yoxsa sən və ailən üçün çox pis olar, deyilənləri etməsən səni həbs etdirib, ailəni yox edərik, amma imza atsan sənin tutulmağına imkan vermərik” deyib. Daha sonra isə “Akula”ya zəng ediblər.
“Akula” da Qüvvətəlini hədələyib “deyilənlərə əməl etməsən, ailəni və səni  məhv edəcəyik!” deyib. Və ərimdən ona məxsus olan bütün əmlakların sənədlərini, “Afina” MMC ilə bağlanılmış bütün müqavilələr və digər sənədləri də zorla alıblar.
Ərimə bildiriblər ki, iki həftə sonra həyat yoldaşınla bir yerdə bizə qoşulmaqla Moskva şəhərində yaşayan Mübariz Məmmədovla görüşəcəyik, aramızda olan haqq-hesabları və əmlakları oradan qayıtdıqdan sonra sənədlər sənə qayıdacaq, bütün haqq-hesab həll olunacaq. Lakin vədlərinə əməl etməkdənsə, “Akula Akif”, Qurban Mahmudov, Nail Şahverdiyev və digərləri birləşib ərimi günahsız yerə həbs etdirib, bütün ittihamları onun boynuna atdılar”.
Qeyd edək ki, Qüvvətəli Süleymanov barəsində 2013-cü ilin fevralında həbs-qətimkan tədbiri seçilib, bu barədə mətbuata və kütləvi informasiya vasitələrinə məlumat verilmişdi. Lakin buna baxmayaraq, naməlum səbəblərdən Q.Süleymanov həbs edilməmişdi. Sonradan 21 oktyabr 2013-cü il tarixində barəsində təkrar həbs-qətimkan tədbiri seçilmiş və  mənzilləri vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməkdə ittiham olunaraq 10 il həbs cəzası almışdı. Bakı Apelyasiya Məhkəməsinin 2015-ci qərarı ilə isə onun cəzası 9 ilə endirilib.
Həyat yoldaşı Sevda Süleymanovun sözlərinə görə, ərinin həbsindən sonra dəfələrlə soyuq silahı başına dirəməklə ölümlə hədələnib, aidiyyəti orqanlara etdiyi müraciətlərə görə  bir neçə dəfə insanların gözü qarşısında küçədə döyülərək mülki şəxslər tərəfindən oğurlanıb, izahat yazmağa məcbur edilib, 4 gün qızı ilə evində əsir kimi saxlanılıb, evi qanunsuz olaraq zorla əlindən alınıb.
 
S.Süleymanova ərinin günahsız olaraq həbs olunduğunu və bütün bu olanlara görə müvafiq orqanlara müraciət etdiyini, lakin heç bir nəticə olmadığını deyib.
Yazıda adı hallanan şəxslərə gəldikdə isə bildirək ki, məlumata görə, Moskvada yaşayan Mübariz Məmmədov “Afina” MMC-nin əsas ortaqlarından biridir. Deyilənə görə, o, əslən şəmkirlidir və Rusiyada “Borya” kimi məşhurdur. Onun Azərbaycandakı biznesini Qurban Mahmudov idarə edib. “Akula” ləqəbli şəxsə gəldikdə isə artıq çoxlarına məlumdur ki, o, sabiq MTN  naziri  Eldar Mahmudovun yaxın çevrəsində olan, iş adamı kimi tanınan Akif Mustafayevdir. “Akula Akif” haqqında mətbuatda xeyli məlumatlar dərc olunub. Yayılan məlumatlarda bildirilir ki, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamları arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş. Məlumatlara görə, o, ötən il oktyabrın 18-də Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə qaçıb.