Eldar Mahmudovun dəstəsinin daha bir cinayəti

  • By admin
  • 31 May 2016 16:43

eldar-mtn-hebs

İş adamı prezidentdən kömək istəyir

 

İş adamı Arif Həsənov Azərbaycan prezidentinə müraciət edərək, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin köməyilə onun şirkətini müflisləşmə dərəcəsinə çatdırmış, sahibkarın özünü isə son qəpiyinə qədər soymuş insanlara qarşı tədbir görməyi xahiş edib. Bundan əlavə, keçmiş MTN əməkdaşları onu borca düşməyə də vadar ediblər ki, “haqq-hesabı” tam ödəyə bilsin.

Eldar Mahmudovun və Akif Çovdarovun mütəşəkkil cinayətkar qrupu (MCQ) – MTN tərəfindən həddən artıq cinayət əməli törədilib və onlara artıq diqqət yetirməyinə də dəyməzdi, bir “əmma” olmasaydı…

Ötən ilin oktyabr ayında, Eldar Mahmudovun işdən azad edilməsinə və MCQ-MTN generallarının həbsinə az qalmış haqqin.az və virtualaz.org-da “Güc strukturları Arif Həsənovun biznesini necə məhv etdilər” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda iş adamının onun biznesini məhv etmiş Mahmudov-Çovdarov ikilisinə qarşı şikayətləri əks etdirilmişdi.

İndi, nazirlik ləğv edildikdən və onun generalları həbs olunduqdan sonra bir çox sahibkarlar cinayətkar bandanın bu və ya digər əməkdaşları barəsində şikayətlərlə müraciət edirlər, o da qorxa-qorxa. Yaşlı Arif Həsənov isə nazirliyin ləğvi barədə hələ heç söhbətin də getmədiyi bir vaxtda haqqin.az və virtualaz.-org-a müraciət etmişdi. O vaxt konkret adlar çəkməyə heç kim cürət etməzdi. O isə etdi və biz də dərc etdik, doğrudur, biz qədər üstüörtülü formada. Çovdarov jurnalistlərə sərrast atəş açırdı!..

Beləliklə, işin məğzi aşağıdakından ibarətdir. Hələ 1996-cı ildə “Kaspar”ın (Xəzər Gəmiçiliyinin) təcrübəli əməkdaşı Həsənov təqaüdə çıxır və gəmilərin təmiri üzrə öz şəxsi biznesini – “Texmarin Ltd” şirkətini açır. Özü ilə işləyən Səhrab Allahverdiyevi isə partnyor kimi qəbul edir. Lakin tezliklə müavininin əliəyriliyində şübhələnir və sənədləri diqqətlə gözdən keçirməyə başlayır. Sənəd-sübutsuz müavinlə danışmağın mənası yox idi – o, kredit oliqarxı Hacı İbrahim Nehrəmli ilə yenicə qohum olması və MTN də daxil olmaqla yaxşı əlaqələrinin mövcudluğu ilə həddən çox öyünürdü. Hissləri Həsənovu aldatmır.

Arif müəllim mürəkkəb, bacarıqla hörülmüş beynəlxalq xarakterli cinayətin üstünü aça bilir. Onun təqdim etdiyi sənədlərlə ötəri tanışlıq belə göstərir ki. söhbət nəqliyyat şirkətlərindən alınmış, ofşor zonalardan keçməklə bəzi şəxslərin fərdi hesablarında oturmuş, vergilərdən yayındırılmış milyonlarla dollardan gedir.

Allahverdiyev ofşor zonada, demək olar ki, eyniadlı “Texmarin AS Ltd” şirkəti yaratmağa nail olur və sifarişçi şirkətlərlə bəzi əlaqələri (Həsənova onlar məlum deyil) işə salaraq, Həsənovun imzaladığı qanuni müqavilələrə əlavə olaraq, onlara “yerinə yetirilməsi zəruri olan” əlavə işlərin siyahılarını yollayır. Bu cür təcrübə gəmiçilikdə yeni deyil və burada cinayət tərkibi yoxdur. Fəqət əsas müqaviləni “Texmarin Ltd.”nin baş direktoru imzalayırdısa, əsas müqaviləyə əlavəni “Texmarin AS Ltd.”nin direktoru Allahverdiyev imzalayırdı.

Bu azmış kimi, əgər əsas işlər üzrə müqavilə, deyək ki, yarım milyon dollar həcmində qiymətləndirilirdisə, əlavənin qiyməti 1,5 milyon dollara, bəzən isə daha böyük rəqəmlərə çatırdı. Səhrabın bu yolla sifarişçilərdən nə qədər “qopardığı” hələ ki, məlum deyil, lakin “ofşor təmizləməsi”ndən sonra onun Latviya bankındakı hesabında ciddi məbləğlər peyda olurdu.

O zaman Həsənov Allahverdiyev tərəfindən çirkli pulların yuyulmasının konkret misallarını da göstərirdi və biz bunu ötənilki yazıda əks etdirmişdik. Bu məbləğlər isə, ən kobud hesablamada belə bir neçə milyon dollara çatırdı. Müavini ilə elə bir nəticə verməyən müvafiq söhbətdən sonra baş direktor MTN-ə müraciət edir – bu qurum, fəaliyyət istiqamətinə uyğun olaraq, belə işlərlə məşğul olmalı idi. Lakin burada əlində olan konkret sübutlara rəğmən, işin onun özünə qarşı çevrilməsini görən Arif müəllimin təəccübünü təsəvvür etmək çətin deyil.

Allahverdiyevin şəxsi hesabına oturmuş milyonlarla dollarla maraqlanmaq əvəzinə, Həsənovun əlindən “qara gün” üçün topladığı bütün vəsaiti alınır, ofisi və avtomobili isə Səhraba verilir və üstəlik, tələb edilir ki, Həsənov ona daha 130 min manat ödəsin və bu məbləği o, borc almalı olur.

İş beləcə “ədalətli” həllini tapır. Lakin Arif müəllim ruhdan düşmür və Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə yollanır. Müstəntiqlər əvvəlcə həvəslə işə girişirlər, lakin bir müddət sonra eyham vururlar ki, bu işə qarışa bilməzlər. Həsənovun qanunun tələblərinə əməl etmək çağırışlarına cavab olaraqsa, tələb edilir ki, Allahverdiyevin milyonlarla dolları öz hesabına keçirdiyi əməliyyatların invoyslarının surətini deyil, əslini təqdim etsin. Bu məqamda qəhrəmanımızın səbri tükənir və o yalvarışla deyir: “Rəhm edin, mən maliyyə sənədlərinin orijinallarını necə əldə edə bilərəm?! Özü də xarici ölkədən. Axı bu sizin səlahiyyətinizdədir!” Lakin bu dəlillər işə yaramır – orijinalları ver, vəssalam.

Hələ o vaxt biz buna hiddətlənmişdik: vətəndaşların və dövlətin mülkiyyətinə istənilən hücumlardan onları qorumaq vəzifə borcu olan və buna görə yaxşı məvacib alan insanlar necə ola bilər ki, həmin vəzifə öhdəliklərinə belə kobud şəkildə əməl etməsinlər? Axı gör nə qədər pul Azərbaycan banklarından yan keçərək Səhrabın Latviyadakı hesabına yatırılıb, ölkə büdcəsi vergi şəklində nə qədər pul itirib, əhalinin sosial müdafiəsi fondları bir kənarda qalıb, qanundan gizlədilmiş bu məbləğə nə qədər iş görmək olardı!

Bız hələ əllərindən ofşorlara axıb getmiş məbləğləri itirmiş başqa ölkələri demirik. Təkcə bunlar kifayət idi ki, bizim MTN hələ bir il bundan əvvəl nəhəng beynəlxalq maliyyə mexanizmini işə salaraq, həm özünü, həm də Azərbaycanı şəhrətləndirsin. Lakin o vaxt hələ az adam bilirdi ki, bizim MTN-in nə dövlət büdcəsi, nə də ölkənin beynəlxalq imici vecinə də deyil. Onların öz maraqları vardı.

Bu hadisədən yarım ay da keçmədi ki, MTN-in özündə baş verən cinayət əməlləri barədə xəbər ölkəni iflic halına saldı. Cəmi iki gün sonra isə Həsənov yenidən bizim redaksiyaya təşrif buyurdu və onun siması sevincdən parlayırdı və o, bunu gizlətməkdə aciz idi.

Redaksiyaya uzun sürən minnətdarlıqdan sonra o, konkret MTN əməkdaşlarının adlarını çəkməyə qərar verdi. O vaxta kimi ailəsinin taleyindən narahat olaraq, buna ürək eləmirdi. MTN-də onun ilk söhbəti hələ ötən ilin əvvəlində baş tutmuşdu, o zaman Həsənovu Energetika və nəqliyyat sahəsində təhlükəsizlik üzrə Baş idarənin rəis müavini Füzuli Əliyev qəbuluna çağırmışdı. Arif müəllimin ünvanına təhqiramiz söyüşlər söyəndən sonra o, sahibkarı idarə rəisi Akifin (o vaxt Həsənov onun soyadını xatırlamırdı, lakin indi bəllidir ki, söhbət Çovdarovdan gedirdi) yanına göndərir.

Bu “çekist” daha ötkəm olur və Həsənovun ünvanına söyüşləri əsirgəmir. Zirə qəsəbəsinin deputatına mümkün şikayətə eyhamını eşidincə isə, Akif sahibkarı bir qədər də uzağa “göndərir”. 200 min manat həcmində rüşvəti də o, Həsənovdan şəxsən MTN-dən ikicə addım kənarda yerləşən “Sultan” kafesində alır. Hər şeydən hiss olunurdu ki. bu adamlar, o cümlədən, Əliyevin müavini Zaur Məmədov, şöbə müdiri Natiq Əliyev özlərini əlçatmaz hesab edirlər və bilirlər ki. onlara heş bir göstərişin təsiri yoxdur.

Lakin şimşək çaxdı. Vətənin keşiyində durmalı olan, nəhəng hakimiyyətə malik şəxslərin cinayətlərini uzun müddət gizlətmək olmaz. Prezident İlham Əliyev MTN-in, demək olar ki, bütün rəhbərliyini vəzifələrindən azad etdi, sonradan isə onlar cinayət məsuliyyətinə cəlb edildilər. Tutulanlar arasında Arif Həsənovu sındırmağa çalışanlar da vardı, halbuki, bunu vaxtilə heç Sovet KQB-si də bacarmamışdı. Ədalət zəfər çaldı?

“O qədər də yox. Düzdür, mən üç ildir xüsusi xidmət orqanları ilə mübarizə aparıram, lakin yalnız indilərdə bir qədər rahatlıq tapmışam. Amma problemlər hələ qalmaqdadır”, – Həsənov belə deyir. Onun sözlərinə görə, yuxarıda adı çəkilən yazı dərc olunan kimi MTN-dən və Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə üzrə Baş İdarədən ona hədə-qorxular gəlməyə başlayıb. Yəni, bu orqanlardan şikayət etməyə cürət edibsə, onu xoşagəlməz hadisələr gözləyir. Amma MTN naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra Baş Prokurorluqdan xahiş olunub ki, söz-söhbət kənara çıxmasın və bunun əvəzində Səhrab Allahverdiyevə olan 130 min manatlıq borc söhbətini bağlamağa söz veriblər.

Sanki hər şey axarına düşürdü, lakin indi sahibkar başqa məqamlardan şikayətlənir. Onun sözlərinə görə, məlum olub ki, Allahverdiyev Bakıda iki firma qeydiyyatdan keçirib – A&S və «Delta ASM» Ltd. Bunlar vasitəsilə Səhrab yeni işlərə sifarişləri qeydiyyatdan keçirir və iddia edir ki, Həsənovun “Texmarin Ltd.” şirkəti artıq fəaliyyətini dayandırıb, bəzi köhnə tanışlarına isə deyirmiş ki, qoca “artıq ölüb”.

Yuxarıda adları çəkilmiş yüksək rütbəli şəxslər – Akif və Natiq şəxsən BP şirkətinə xidmət edən firmaları dilə tuturmuşlar ki, Arif Həsənov və onun “Texmarin Ltd.” şirkəti ilə müqavilə bağlamasınlar. Təmsil etdikləri orqan o qədər hörmətli idi ki, onlara “yox” deyən çətin tapılardı. Bu yolla Allahverdiyev xeyli sifariş cəlb edə bilir. Bu nədir – hiyləgərlik, cinayət, ədalətsiz rəqabət? İstənilən halda bunlar cinayət məsuliyyəti yaradan hərəkətlərdir.

Hər halda, Arif müəllim üçün ən qorxulusu baş verib – firmalar, doğrudan da, ondan imtina ediblər. “Texmarin” şirkəti “GACmarin”, “Dragan Oil”, “Topaz”, “Blue Caspian” və bu kimi digər müştərilərini itirib. Belə çıxır ki, cinayətkarları həbs ediblər, lakin onların törətdikləri çirkin əməllərin əzabı hələ çox sürəcək.

Bax, buna görə də, bu gün Həsənov dövlət başçısına müraciət edir. Görünür, digər orqanlara ümidlərini büsbütün itirib. Necə də itirməsin?! Axı o, qeyri-qanuni yollarla öz hesabına milyonlarla dolları keçirən keçmiş partnyorundan şikayət edir, amma nəyə görəsə onun kasıblamış öz şirkətini yoxlayırlar. Günü bu gün də yoxlayırlar və şirkəti getdikcə daha da batırırlar. Elə bu vaxt qonşuluqda Səhrabın şirkəti çiçəklənir və onun “odda yanmaz, suda batmaz” sahibkar imicinə heç MTN-in dağılması da təsir etməyib.

Əgər əvvəllər yaşlı sahibkar düşünürdüsə ki, onun keçmiş müavini yalnız MTN-də “öz adamları” kimi qəbul olunur, bu gün artıq nə düşünəcəyini bilmir – axı bu adam yoxlamaları həyata keçirən bütün dövlət strukturlarında necə əlaqələr qura bilib, yoxsa onu elə keçmişdə olduğu kimi, “MTN-in adamı” kimi qoruyurlar? Doğrudanmı, MTN hələ də yaşayır və insanlarda qorxu hissi yaradır? Bəlkə elə buna görədir ki, Həsənov ədalətin bərqərar olması üçün son imkan kimi dövlət başçısına belə qeyri-adi müraciət forması seçib?