Eldar Mahmudovun MTN generalının məhkəməsinə çağırılması TƏLƏB EDİLDİ

  • By admin
  • 02 Oktyabr 2017 13:13

eldar deste

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Gununsesi.info xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir sıra sənədlər elan edilib.

Bundan sonra prosesdə zərərçəkmiş Mətləb Mustafayev çıxış edib. Bildirib ki, E.Quliyev ifadəsində zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: “MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”.

M.Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M.Mustayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: “Əgər belədirsə niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər?”

Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq. Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi bildirilən Ələkbər Heydərov çıxış edib: “Elçin Quliyev Azərbaycan generalı olub. Onun torpaq alverçisi Kamil Şükürovla nə əlaqəsi ola bilər?”

Proses davam edir.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Gununsesi.info