Pərviz Həşimli rəhbəri olduğu saytın 1 yaşından danışdı: “Münasibətim olan yüksək vəzifəlilər var. Amma səmimi deyirəm, o insanlar heç zaman mənə sifariş verməyib”
Bu günlərdə Pərviz Həşimlinin rəhbərlik etdiyi Gununsesi.info saytının 1 yaşı tamam oldu.
Gununsesi.info Pərviz Həşimlinin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir.
Ölkə mediasında sayt partlayışının baş verdiyi dönəmdə P.Həşimli ilə gununsesi.info-nun uğurlarından, media bazarında tutduğu yerdən, eləcə də baş redaktorun geridə qoyduğu ağır günlərdən danışdıq. Ortaya xeyli ilginc məqamlar çıxdı:
– Öncə saytınızı 1 yaşı tamam olması münasibətilə təbrik edirəm. Sayt bumunun yaşandığı bir dönəmdə bir saytı bir il yaşatmaq…Nə qədər asan, nə qədər çətindir?
– Təbriklərə görə çox sağ olun. Doğrudan da mən bu saytı qurarkən, ölkədəki sayt bolluğundan xəbərim vardı. Hətta 3 ilə yaxın həbs həyatımdan sonra tam fərqli mənzərənin şahidi olmuşdum. Sosial şəbəkələrdə yeni-yeni sayt adları, yeni jurnalistlərlə qarşılaşdım. Ancaq Gununsesi.info-nu qurarkən əsas xəbər saytlarından biri olacağımıza əminliyim vardı. Bunun səbəbi sabiq MTN rəhbəri Eldar Mahmudov və onun dəstəsi barəsində əlimdə çoxsaylı materialların olması idi. Hansı ki, biz bazara bu informasiyalar hesabına girdik. Diqqət etmisinizsə, bu gün “MTN İşi” ilə bağlı məhkəmədə açılan faktları biz hələ istintaq dönəmindən yazırdıq. Bir sözlə qısa zamanda populyar olmağımızın səbəbi əlimizdəki eksklüziv məlumatlar oldu. Mən azadlığa çıxanda vaxtilə MTN-nin var-dövlətini ələ keçirdiyi iş adamları mənimlə görüşdü. Başlarına gətirilənləri danışırdılar. Biz də bunları ictimailəşdirdik.
“Həbs üçün yanlış adam seçmişdilər”
– Çoxlarına elə gəlirdi ki, Pərviz Həşimli həbsdən çıxandan sonra xarici ölkələrdən birinə üz tutacaq, siyasi sığınacaq alacaq və daha fərqli yaşayacaq. Siz təxminləri yanıldıb ölkədə qaldınız və media sektoruna qayıtdınız? Niyə?
– Mənə Avropa Birliyi ölkələrindən dəvətlər gəlmişdi. Amma şəxsi həyatıma aid bəzi məsələlər ortaya çıxdı ki, bu dəvətləri qəbul etmədim. Həm də mənim azadlığım üçün çalışan bəzi insanlarla söhbətlərimdən sonra qalmağa üstünlük verdim. Əslində mühacirət son yoldur. Daha çox bu barədə həbsdə olanda insan düşünür ki, zamanında getsəm, bu mərhumiyyətləri yaşamazdım. Mənə yaşadılan mərhumiyyət bəlkə də heç kəsə yaşadılmayıb. Tək mənə deyil, doğmalarıma qarşı MTN amansız hücumlar təşkil etmişdi. Hətta mənim azadlığım üçün Prezdentə müraciət edən 9 millət vəkilinə belə, hücumlar etmişdilər ki, onu niyə müdafiə etmisiz.
“Sosial şəbəkədə Eldar Mahmudovun qohum-əqrəbası məni təhdid edib. Yazırlar ki, səni yaralı ilan kimi buraxdıq, başın MTN-də əzilməliydi”
– Bəzi dostlar bildirdi ki, bir qrupun səni şərləyib tutmasını hakimiyyətin sənə mənfi münasibəti kimi dəyərləndirmək doğru olmaz. Siz özünüz bu barədə nə düşünürsüz?
– Daha o söhbətlərə qayıtmaq istəməzdim. Ancaq sonucda siyasi rəhbərlikdən tutmuş hər kəs bildi ki, Eldar Mahmudov məni həbs etməklə özünün məkrli planlarını həyata keçirmək istəyirdi. Amma həbs üçün yanlış adam seçmişdilər və bu istək alınmadığından mənə irəli sürülən ittihamlara belə, adekvat olmayan ən ağır cəza təyin edildi.
– Bildiyim qədər kiçik kollektivlə, kiçik bir ofisdə çalışırsız. Sayt özü-özünü saxlamağa, maddi baxımdan problemlərini həll etməyə qadirdirmi?
– Reklamlarımız olarsa əməkdaşlarımıza daha yaxşı qonarar və maaş verə bilərik.
– Həbsinizdən əvvəl baş redaktoru olduğunuz Moderator.az-da eksklüziv və hakimiyyət kluarlarına dair xəbərlər yer alırdı. Məhz buna görə də sizin adınızı hakimiyyətdəki məmurlara yaxın redaktor kimi hallandırırdılar. İndi də eyni xətt görünür. Yenə də sizi “kiminsə adamı” kimi təqdim edirlərmi?
“Bəzən olur ki, hansısa yüksək vəzifəli məmurun qanunsuz əməlləri barəsində xəbər yayırıq və dərhal mənə yaxın olan insanlara telefon edirlər. Onlar da mənimlə danışanda “Rəqsanədən, Röyadan yazaq?” deyə yarızarafat, yarıciddi cavab verirəm”
– Mən həmişə özəl xəbər yazmağa meyilli olmuşam. Bəzən ictimaiyyətə sızması çətin olan xəbərlər yazmışam ki, bunu sifariş kimi dəyərləndirənlər də olub. Mənim münasibətim olan yüksək vəzifəlilər var. Amma səmimi deyirəm, o insanlar heç zaman mənə sifariş verməyib. Bəzən olur ki, hansısa yüksək vəzifəli məmurun qanunsuz əməlləri barəsində xəbər yayırıq və dərhal mənə yaxın olan insanlara telefon edirlər. Onlar da mənimlə danışanda “Rəqsanədən, Röyadan yazaq?” deyə yarızarafat, yarıciddi cavab verirəm. Açığını deym ki, belə bir şəraitdə çalışırıq.
– Fəaliyyətdə olduğunuz dönəmdə hansısa təzyiqlər olubmu? Bundan sonrakı hədəfiniz nədir?
– Həbsdən sonra hansısa təzyiqlə rastlaşmamışam. Bununla belə, sosial şəbəkələrdə Eldar Mahmudovun qohum-əqrabası məni təhdid edib. Yazırlar ki, səni yaralı ilan kimi buraxdıq, başın MTN-də əzilməliydi. Guya, mən Eldar “vurulandan” sonra ondan yazıram. Halbuki, onun “kəsdiyi başa sorğu olmayanda” MTN-dəki cinayətkar qruplaşmadan yazmışam. Məhkəmədə bu gün həbsdə olan generalları ağır cinayətlərdə ittiham etmişəm. Gələcəyə dair sualınıza gəlincə, hər şeyi zamana buraxmaq lazımdır.
Gununsesi.info