
İndiyəcən çox fikirləşdiyim, lakin səbəbini tapmaqda çətinlik çəkdiyim Xocalı barədə danışmaq istərdim.
Həqiqətən, bu cavabsız sualın taleyi barədə düşünərkən ürəyim arğıyır. Misalçün, ordumuz İkinci Vətən müharibəsində erməni hərbi qüvvələri fərəfindən işğal edilmiş və strateji cəhətdən gərəkli olan ərazilərimizi, şəhər və rayonlarımızı qəhrəmancasına vuruşaraq düşməndən geri aldı.
Hərbçilərdən soruşuram, doğrudanmı, Xocalını almaq qədim Şuşamızı almaqdan daha çətinmiş!!!
Tam səmimi deyirəm və bunu anlaya bilmirəm. Bu fikrimə xahiş edirəm başqa don geyindirib onu siyasiləşdirməyəsiniz. Müharibədə ordumuz böyük güc nümayiş etdirdi. Çox yəqin ki, Silahlı Qüvvələrimiz savaş zamanı bu haqda düşünüblərmiş, lakin bizə məlum olmayan səbəb və problemlər Şuşanı qabağa salıb. Bu qədim mədəniyyət mərkəzini faşist caynağından qurtarmaqla bütövlükdə Azərbaycan mədəniyyətinə, xüsusən Qarabağımızın tarixinə yeni can, yeni qüdrət və yeni nəfəs verdik. Bu mənada Şuşanı xilas etməklə düşmənin bel sütununu qırdıq və bununla müharibədə həlledici hərbi mövqeni ələ keçirdik. Zəfər qələbəsində Ali Baş Komandanın əvəzsiz payı vardır. Ancaq bəziləri etiraf etməyə sanki can çəkirlər. Hətta 44 günlük müharibənin məğlubiyyətə uğramasını daxilən arzulayanlar da olmamış deyildir…
Təki Ali BAŞ KOMANDAN vəzifəsini yerə qoysun. Bunu yaltaqlıq, girənlik kimi başa düşməyin. Həyatım boyu İlham Əliyevə nə yaltaqlanmışam, nə də qarşısında əyilib bükülmüşəm. Bu mənim xarekterim deyil. Sadəcə istədim ki, xidmət edim, lakin xəyanət kimi təqdim etdilər.
Bu da mənə qarşı haqsızlıqlarla nəticələndi.
Bununla bərabər onun Qarabağ siyasətini bəyənir və müdafiə edirəm.
Lakin Qarabağda nə olur-olsun, təki İlham Əliyev hakimiyyətini yerə qoysun kimi alcaq və yaramaz fikirlərlə yaşayanları qəbul etməmişəm, bundan sonra da etməyəcəyəm. Çünki, İlham Əliyevdən əvvəl qəlbimdə bu həyatdan gedənədək Böyük Heydər Əliyev var.
Mövzudan kənara çıxdıq, deyəsən.Bütün mənalarda başlatdığı Qarabağ siyasətini sona çatdırmağı ona arzu edirəm. Ağırdır. Lakin bu vətən yükünü aparmaq İlham Əliyevin boynunun yüküdür. O cümlədən birinci sırada Xocalı dayanır!!!
Körpə-yaşlı demədən qudurmuş it kimi gecəykən hücum çəkib 700-ə yaxın günahsız və silahsız soydaşımızı vəhşicəsinə qətlə yetirməyin, yüzlərlə qardaş və bacılarımızı şikəst hala salan bu vəhşilərin adı yoxdur. Hələ orada bir provaslav kilsəsi də tikiblər. İri bir hava limanı isə artıq neçə ildir ki, işləyir. Bir sözlə, dövlət başçının qayğıları çoxdur. Bu qayğıları aradan qaldırmaq isə onun vəzifə borcudur.
Eldar Sabiroğlu