Eldar Sabiroğlundan təsirli təşəkkür

  • By admin
  • 07 Oktyabr 2016 17:14

eldar

“Xeyirxah təşəbbüsünüz üçün sizə minnətdaram”

Gununsesi.info Azadlıq.info-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin üzvlərinə təşəkkürünü bildirib.

Müraciətdə deyilir:
“Qanunsuz həbsə atılmış Rüfət Səfərovun hüquqlarını müdafiə edən komitənin dəyərli üzvlərinə
Hörmətli dostlar! Özüm üçün bir mənəvi borc hesab etdiyimdən qisaca olaraq Sizinlə ürək sözlərimi bölüşmək qərarına gəldim.Öncə göstərdiyiniz xeyirxah təşəbbüsə görə Sizlərin hər birinizə dərin təşəkkürümü və sonsuz sayğılarımı ifadə edirəm.Rüfətin müdafiəsi üçün yaradılmış komitədən xəbər tutarkən bir valideyn olaraq sevindim. Keçirdiyim hislər üzərində indi təfərrüatı ilə dayanmaq istəmirəm.Amma çıxardığım xeyli nəticələr oldu. Sizin haqqı, ədaləti, özgür fikri qorumaq uğrunda çarpışan və bu şərəfli, iztirablı yolda hüquqları pozulan, tapdalanan günahsız hər bir vətəndaşımıza sahib durmanızın qiyməti mənim üçün əvəzsizdir. Bu insani, mərd və cəsur mövqeyinizlə mənə həm də tarixin bir dərsini xatırlatdınız. Bunu açıqca etiraf edirəm. Müdafiə Komitəsinin tərkibində vaxtilə sərt tənqidlərimə məruz qalan şəxslərin təmsil olunduğunu görəndə xəyal bir anlığa məni keçmişlərə qaytardı və 25 ilə yaxın xidmətində dayandığım hökumətin gerçək siyasi fəlsəfəsinin həyatımda buraxdığı “izlərin”səsini təkrar eşitməli oldum. Ağır bir işdir. Amma nə etməli ki, taleyin belə amansızlıqları ilə də qarşılaşdım. Nə isə…Yəqin bu da Allahın bir qismətidir.
Sizlərə bir daha ailəm adından öz minnətdarlığımı və ehtiramımı bildirirəm.Çox, çox sağ olun!”.

Hörmətlə Eldar Sabiroğlu