İyulun 25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutacaq.
Bu barədə Gununsesi.info-ya Rüfət səfərovun hüquqlarını müdafiə edən, vəkil Bəhruz Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Asim Hacıyevin icratına verilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.
Xatırladaq ki, sabiq müstəntiq Rüfət Səfərov ölkədəki ədalətsizliyə etiraz edərək prokurorluq orqanlarından könüllü istefa verdiyinə və hakimiyyəti tənqid etdiyi üçün barəsində qurama cinayət işi açılıb.
Gununsesi.info