Elə şəxslər var ki, istədiyi ixtisas uğrunda 7 il imtahan verib

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 12:40

“Mən elə şəxslər tanıyıram ki, onlar 7 il ərzində bir ixtisasa qəbul olmaq üçün imtahanlarda iştirak ediblər və sonra uğur qazanıblar”.

Gununsesi.info AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrində ixtisas seçimi edəcək abituriyentlərin diqqət yetirməli olduğu vacib məqamlarla bağlı canlı yayımda səsləndirib.

O bildirib ki, balı istədiyi ixtisasa çatmayan abituriyent bir il ərzində öz üzərində işləyərək nəticəsini yüksəldə bilər:

“Əgər öz arzunuza çatmaq üçün balınız çatmırsa, bir il yenə də öz üzərinizdə işləyib nəticəni qaldırmaq imkanınız varmı? Bəli, var. Bir il ərzində nəticənizi 200 bala qədər qaldıra bilərsiniz. Amma bunun üçün əzmlə, çox ciddi işləməlisiniz.

Yox, sizin istədiyiniz ixtisas, misal üçün, 650 bal keçid balı ilə formalaşır, sizdə isə 150 bal var. Təbii ki, burada bir il yox, bir neçə il tələb olunacaq. Mən elə şəxslər tanıyıram ki, onlar 7 il ərzində bir ixtisasa qəbul olmaq üçün imtahanlarda iştirak ediblər və sonra uğur qazanıblar. Amma siz buna hazırsınızmı?

Əgər buna hazır deyilsinizsə, amma bu istiqamətdə fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, hansı ixtisasları seçə bilərsiniz? Ona uyğun orta təhsil üzrə ixtisaslar, kolleclər var. Həmin sahədə qalmaq üçün kollecləri də seçə bilərsiniz. Bu suala da siz özünüz cavab verməlisiniz”.

Gununsesi.info