Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800 dəfə müraciət olunub.
Bu haqda Gununsesi.info-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN-in əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında aktuallığı ilə seçilərək, portalın istifadəçi kontingentinin əhəmiyyətli şəkildə artmasında mühüm rol oynayır. Bunun göstəricisi kimi, istifadəyə verildiyi 2014-cü ilin iyulundan cari ilin 1 may tarixinədək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800 dəfə müraciət olunub.
Ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementi olan bu sistem ilk növbədə əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına xidmət edir. Bu məqsədlə sistemin tərkib hissəsi olan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti işəgötürənlərin daimi müraciət etdiyi e-xidmətlərdəndir. Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin 6 milyon 500 min 632-si məhz bu e-xidmətə yönəlib. Müraciətlərin qalan hissəsi, yəni 1 milyon 106 min 168-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Bu e-xidmət isə işçilərə hazırda işlədikləri və ya əvvəllər işləmiş olduğu işəgötürənlər tərəfindən onlarla bağlı əmək müqaviləsinin bağlanması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi üzrə sistemə daxil edilmiş bildirişlər barədə məlumat öyrənməyə imkan verir. İşçilər bu bildirişlər üzrə onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilirlər.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçi və işəgötürənlərin əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olmaqla yanaşı, əmək münasibətlərinin dolğun və obyektiv uçotunun aparılmasına imkan verib, əmək bazarında baş verən proseslərlə bağlı zəngin və real vəziyyətə əsaslanan informasiya bazasını formalaşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri ilə bərabər, bu sistem də mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT tərəfindən ümumən Azərbaycanın uğurlu islahat təcrübəsi kimi qəbul olunaraq təbliğ edilir.
Eyni zamanda ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahələrində müasir, şəffaf və səmərəli iş təcrübəsinə yol açmış elektron idarəetmə və xidmət sistemlərinə, o cümlədən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin öyrənilməsinə maraq getdikcə artır. Həmin ölkələrin KİV-lərində də Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron sistemlərindən bəhs edən dolğun materiallar yer alıb.
Anar
Gununsesi.info