Elektron məhkəmə sisteminə giriş məhdudlaşdırıldı – Vəkildən etiraz

Elektron məhkəmə sisteminə ərizə yüklənməkdə iki gündür problem yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Ramil Rüstəmov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, bu problem vətəndaşların məhkəməyə müraciət hüququnu məhdulaşdırır. Ramil Rüstəmov bu halın Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin pozulması ilə izah edib.

Vəkilin yazdığına görə, e-məhkəmə sisteminə girişdə yaradılan problemlər kənd və rayonlarda yaşayan vətəndaşların da işini çətinləşdirir.

O, elektron variantla müraciətlə yanaşı, dəftərxanaya ərizələrin verilməsini, bu işin electron müraciətlə paralel aparılmasını təklif edib.

“Ancaq tam qadağa qoyub, yalnız elektron ərizələrin verilməsi kimi şərtin qoyulmasının bir məqsədi var: vətəndaşların məhkəmələrə müraciətinin sayı azalsın”, – deyə vəkil əlavə edib.

Gununsesi.info