Əli İnsanov məhkəməyə müraciət etdi - SABİQ NAZİR DEPUTAT OLMAQ İSTƏYİR

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov məhkəməyə müraciət edib.

 

Gununsesi.info xəbər verir ki, sabiq nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə verib.

Yaxın günlərdə onun müraciətinə baxılacaq.

Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.

 

2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

Azərbaycan hakimiyyəti ilə münasibətlərini qaydaya salan İnsanovun parlament seçkilərində iştirak edəcəyi bildirilir.

Məlumata görə onun üzərindən məhkumluğunun götürülməsi üçün məhkəməyə müraciətinin də arxasında məhz bu amil dayanır.

Günay Mahirqızı

Gununsesi.info

 

 

Gununsesi.info