Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi

  • By admin
  • 17 Sentyabr 2019 17:45

Elina Hacıyevanın intihar etdiyi 162 saylı tam orta məktəbə yeni direktor təyin olunub. Təhsil Nazirliyindən Gununsesi.org-a daxil olan məlumata görə, müvafiq əmrə əsasən bu vəzifə Arzu Nəzərovaya tapşırılıb. 

Bundan başqa, Tünzalə Mikayılova və Bəhruz Səlimxanov təlim-tərbiyə işləri üzrə direktor müavinləri vəzifəsinə gətiriliblər.

Məlumat üçün bildirək ki, Arzu Nəzərova 1961-ci ildə Gəncədə anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib. 22 il Gəncədə yerləşən 2 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edib. 

Xatırladaq ki, 2019-cu il aprelin 4-də sözügedən məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Hadisə ilə bağlı məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda proses Səbail Rayon Məhkəməsində davam etdirilir.