Elman Məmmədov: “Təhlükəsizliyimiz naminə hüquq-mühafizə orqanları “FETÖ”çülər barəsində lazımi tədbirlər görməlidir”

  • By admin
  • 23 Avqust 2016 16:38

elman

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şobəsinin müdiri Novruz Məmmədov avqustun 20-də jurnalistlərə geniş açıqlamasında Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə toxunarkən, bildirib ki, “FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və “FETÖ”çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq.

N.Məmmədov deyib ki, Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. “Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”-deyə, PA rəsmisi sözlərinə əlavə edib.

Gununsesi.info-nun xəbərinə görə, Türkiyədə baş verən 15 iyul dövlət çevriliş cəhdinin ardınca Azərbaycanda müxalifət düşərgəsinin üzvlərindən bir neçəsi artıq bu ittihamla həbs edilib. Eyni zamanda, iqtidar düşərgəsində də artıq bir neçə ildir ki, önəmli vəzifə sahiblərinin adları  bu məsələdə hallanır. Onlardan bir neçəsinin vəzifədən çıxarılması və ya ölkəni tərk etməsi haqqında hər iki düşərgənin kluarlarında söz-söhbətlər səngimir. Ölkədə baş verən son həbslər göstərir ki, hakimiyyət kimliyindən asılı olmayaraq, bu məsələdə güşəztə getməyəcək.

PA rəsmisinin açıqlamasına münasibət bildirən millət vəkili Elman Məmmədov hesab edir ki, 15 iyul hərbi çevrilişi cəhdindən sonra Türkiyə “FETÖ”-nü terror təşkilatı elan edib. Azərbaycan höküməti də bu məsələylə bağlı lazımi tədbirləri görəcək: “Onların hansı post tutmasından aslı olmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmağa cəhd edənlərə qarşı ciddi ölçü götürəcəklər”-deyə, o, bildirib.

E. Məmmədovun sözlərinə görə, Azərbaycanda “FETÖ”-nun fəaliyyətinin qarşısının alması istiqamətində lazımi tədbirlər görülməlidir: “Ola bilər ki, onların içərisində yüksək peşəkarlıqla maskalananlar var. Bir daha qeyd edirəm ki, milli təhlükəsizliyimiz naminə Azərbaycanın hüquq-mühafizə orqanları “FETÖ”çülər barəsində lazımi tədbirlər görməlidir”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə münasibətində lakonikliyə üstünlük verib: “ Kimin hansı vəzifəni tutmasından aslı olmayaraq, “FETÖ” terror təşkilatı ilə əlaqəsi olan hər bir şəxs qanun qarşında cavab verəcək”.

Anar

Gununsesi.info