

“Bu gün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində ciddi proseslər gedir və payız mövsümündə bu proseslərin bəhrəsini gözləyə bilərik”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili, Dövlət İdarəçilik Akademiyası yanında Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Elman Nəsirov deyib. Onun sözlərinə görə, dördgünlük aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar prosesi yeni müstəviyə keçib. “Məhz bu danışıqların nəticəsi olaraq Dağlıq Qarabağ ətrafında beş rayonun azad edilməsi məsələsi aktuallaşdı. Son dövrlərdə isə danışıqlar prosesində müəyyən bir pauza yarandığı görünür. Ancaq danışıqlar prosesində yaranan bu pauza digər fasilələrdən mahiyyət və xarakterinə görə, ciddi fərqlənir. Mən bu fasiləni strateji fasilə adlandıradım. Daha doğrusu, tufanöncəsi pauza. Baxmayaraq ki, biz danışıqlar prosesində fasilənin yarandığını görürük, ancaq əslində Qarabağ münaqişəsinin həlli istiqamətində arxa planda çox ciddi müzakirələr və proseslər getməkdədir. Sadəcə, cəmiyyətə bu barədə məlumat verilmir”- deyə, millət vəkili vurğulayıb. Millət vəkili əlavə edib ki, yaranmış bu fasilədə nə münaqişə tərəfləri, nə ATƏT-in Minsk qrupu həmsdərləri sakit oturub, prosesləri izləyirlər: “Əksinə, bütün tərəflər münaqişənin həlli ilə bağlı çox ciddi müzakirələr aparır və hesab edirəm ki, bu proseslər nəticə etibarı ilə səmərəli olacaq”. E.Nəsirov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə aparılan ciddi danışıqların səmərəli nəticəsinin şahidi də ola bilərik: “Artıq biz o zaman deyə bilərik ki, danışıqlar prosesi kəmiyyətdən keyfiyyət müstəvisinə keçib. Ona görə də deyə bilərəm ki, payız mövsüçmündə biz danışıqlar prosesində arxa səhnədə baş verən ciddi hadisələrin şahidi olacağıq. Sadəcə, danışıqlar cəmiyyətə açıqlanmır”. Millət vəkili həmçinin əlavə edib ki, Ermənistan cəmiyyəti də münaqişənin həllində status-kvonun saxlanmasının artıq onların xeyrinə olmadığını da anlayırlar. “Çünki dördgünlük aprel döyüşləri bunu bir daha sübut etdi. Aprel döyülşləri bir daha sübut etdi ki, müharibə istənilən an alovlana bilər və bunun fəsadları çox ağır ola bilər. Ona görə nə Ermənistan hakimiyyəti, nə ordusu, nə də xalqı müharibə istəyir və bundan çox qorxur. Onlar artıq başa düşür ki, status-kvonu belə saxlamaq olmaz. O baxımdan da, müharibəsiz işğal olunmuş torpaqların geri qaytarılması aktuallaşıb. Biz tezliklə danışıqlar prosesində gedən prosesləri şahidi olacağıq. Və payızda Qarabağ məsləsində ciddi hadisələr gözləyə bilərik”- deyə, millət vəkili sonda qeyd edib.
Mürtəza Bünyadlı
Gununsesi.info