Elman Rüstəmov manatın taleyi «məndən asılı deyil» deyir

  • By admin
  • 27 Sentyabr 2016 17:20

elman

Mərkəzi Bankın rəhbəri manatın məzənnəsinə görə məsuliyyəti bölüşməyə çalışır

Manatın məzənnəsi ilə bağlı daha bir maraqlı açıqlama Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdan gəlib. O açıqlamasında hazırkı məzənnəyə görə, məsuliyyətin yalnız Mərkəzi Bankın üzərinə düşmədiyini əsaslandırmağa çalışıb. «Tədiyyə balansında kəsirin olması olduqca böyük gərginlik yaradır». Bunu E.Rüstəmov deyib. Bu ilin 6 ayında ölkədə tədiyyə balansında 6 mlrd. manatlıq kəsirin olduğunu deyən E.Rüstəmov qeyd edib ki, bu, bütövlükdə ölkənin valyuta ehtiyatlarına və məzənnəyə də çox ciddi təzyiqlər yaradır: “İlin sonuna da tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir. Biz buna təsir göstərən amilləri idarə etməyə çalışmalıyıq. Məzənnənin idarə olunması tədiyyə balansında mənfi saldonu yaradan tələblə təklif arasında olan prosesləri idarə eləmək deməkdir. Bu idarəetmədə həm Mərkəzi Bankın, həm də digər qurumların üzərində çox mühüm vəzifə düşür”.

«Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir»

Elman Rüstəmov bildirib ki, həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb: “Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə  neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”.

“Başlıca məsələ məzənnə deyil, inflyasiyadır”

U.Rüstəmov qeyd edib ki, hazırda başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür.

“Dünyada da biz gördük ki, avro-dollar məzənnəsində 30%-lik fərq yarandı, sonradan kurs sabitləşdi. Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı salmaqdır. Yəni, məqsəd həm əhali, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə düşürməkdir. Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”, – deyə o bildirib.

Ölkədə inflyasiyanın 11% səviyyəsində olduğunu deyən E.Rüstəmov bildirib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir: “Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır. Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi situasiyanı idarə edirik. Bazarda müəyyən gərginlik var idi. Valyuta qıtlığı və digər gərginlikləri biz aradan götürdük.  Bununla əlaqədar biz proseslərə öz siyasətimizlə valyuta qıtlığını aradan götürmüşük. Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var”. («APA»)

Nemət Əliyev: «Diqqəti devalvasiyadan yayındıran Elman Rüstəmovun səmimiyyətinə inanmaq düzgün deyil»

nemet

İqtisadçı Nemət Əliyevin fikrincə, tədiyyə balansında, xarici ticarət balansında böyük kəsir məbləğlərin ortaya çıxmasıyla bağlı E.Rüstəmovun açıqlamaları real gerçəkliyi əks etdirir. N.Əliyevin sözlərinə görə, bu sahədə itkilərimiz həddindən artıq böyükdür. Hökumətin yeritdiyi siyasətin ölkə iqtisadiyyatını çökdürdüyünü deyən N.Əliyev bildirdi ki, bütün makroiqtisadi göstəricilər kəskin şəkildə pisləşib: «Amma nəzərə almaq lazımdır ki, bahalaşmanı doğuran əsas səbəb devalvasiyadır. Devalvasiya ilə bağlı qərarı Mərkəzi Bank verib. Bir il ərzində manat iki dəfədən çox dəyərdən salınıb. Bu gün əhalinin belini sındıran, alıcılıq qabiliyyətini aşağı salan səbəb məhz devalvasiyadır. Mərkəzi Bankın əsas vəzifəsi ölkədə qiymətlərin sabitliyinə nail olmaqdan ibarətdir. Qarşısına bu cür vəzifə qoymuş orqan proseslərin məcrasından bu dərəcədə çıxmasına necə imkan verə bilər? Əsas məsələ bahalaşmadır deyib, diqqəti devalvasiyadan yayındıran Elman Rüstəmovun səmimiyyətinə inanmaq düzgün deyil. Bunlar sadəcə olaraq əhalini ələ salmaqla məşğuldurlar.  Ümumiyyətlə bu insanların çıxışına imkan verilməməlidir».

Samir Əliyev: «Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir»

samir-

İqtisadçı Samir Əliyev maliyyə naziri və baş bankirin manatın durumu ilə bağlı açıqlamalarına aydınlıq gətirib. Samir Əliyev “facebook” səhifəsində həmin açıqlamalardan gəldiyi nəticələri bölüşüb:

Manatın üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur;
2. Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər;
3. Hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək;
4. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək;
5. Mərkəzi Bank pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu baş versə belə digər alətlər vasitəsilə (məsələn, depozit hərracı) bazara yol tapmasına imkan verməyəcək;
6. Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək;
7. İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq;
8. Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq
İqtisadçı bildirir ki, bu fikirləri ekspertlər daim səsləndiriblər. Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq sezilir:  “Xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin “məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir” fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi. Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyü qeyd edib. O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir”.

Əkrəm Həsənov: “Elman Rüstəmova inanmaq olmaz”

ekrem

Bank məsələləri eksperti Əkrəm Həsənov Azadlıq Radiosuna müsahibəsində bildirib ki, illər boyu ekspertlər deyirdi ki, məzənnəni süni saxlamaq lazım deyil, qoy bazar tənzimləsin. Əsas inflyasiyadır, onunla mübarizədir. AMB haqqında qanuna görə, qiymətlərin sabitliyi onun əsas məqsədidir: «Bunun əvəzinə yapışmışdı məzənnədən. İndi isə deyir ki, məzənnə əsas deyil. Gecikmiş etirafdır. Elman müəllimə inanmaq olmaz. Təcrübə də bunu göstərir. Hər bir halda, bu sözlərini belə başa düşmək olar ki, devalvasiya olacaq, amma tədricən. Yəqin ki, elə belə də olacaq. Amma kəskin devalvasiya ssenarisi də həmişə gündəmdədir».(Azadlıq.info)

Gununsesi.info