Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Xarici işlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, bir-birinin ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı hörmət və dəstək ifadə edblər.
Nazirlər 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində mərhum Ulu Öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsinin qoyulduğunu və bundan sonra ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın birgə səyləri ilə ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirildiyini əlavə ediblər.
Nazirlər 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, səhiyyə, logistika, investisiyalar, neft-kimya sənayesi, bankçılıq və maliyyə sahələri üzrə əməkdaşlıq üçün mövcud olan imkanların inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər.
Tərəflər Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsini təqdir ediblər.
E.Məmmədyarov BƏƏ vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və nəticə etibarilə, 2015-ci illə müqayisədə 2016-cı ildə BƏƏ-dən olan turistlərin sayında 30 dəfədən artıq artımın müşahidə olunmasını müsbət addım kimi qiymətləndirib. Həmçinin həftəlik reyslərin sayının 30-a çatdığını, BƏƏ və Azərbaycanın şəhərlərini birləşdirən yeni uçuş reyslərinin açılmasının planlaşdırıldığı və bu kimi addımların iki ölkə arasında insanlararası və işgüzar təmasların artmasına daha da töhfə verəcəyini qeyd edib.
Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycana səfərinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi və keçirdiyi İslam Həmrəylik Oyunlarının bağlanış mərasiminə təsadüf etməsindən məmnunluq ifadə edi. O, bu oyunların İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəyinə ümidvarlığını ifadə edib.Elmar Məmmədyarov BƏƏ-dən olan idmançıların İslam Həmrəylik Oyunlarında uğurlu iştirakı münasibətilə həmkarını təbrik edib.
Görüşdə nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar təbrik məktubu mübadiləsini həyata keçirdilər.
Görüşdə həmçinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, metrologiya üzrə Əmirlik orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.
Gununsesi.info