“Elmar Məmmədyarov günün reallıqlarına cavab verən nazir deyil” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 30 Mart 2018 15:24

“Elmar Məmmədyarovun fəaliyyəti ilə  bağlı hələ bir müddət öncə Gununsesi.info-ya açıqlamamda  xarici işlər  nazirinin işğalçılıq, vandal hərəkətlərinə qarşı seyrçi mövqe sərgilədiyini vurğulamışdım. İndi də bu  fikirdəyəm və düşünürəm ki, Məmmədyarov öz səlahiyyətləri çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirə bilmir”.

Bunu Gununsesi.info-ya  açıqlamasında deputat Fəzail Ağamalı Milli Məclisin iclasında xarici işlər naziri Elmar Məmmdəyarovu istefaya çağırmasının səbəblərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ola bilsin  ki,  Elmar müəllim kifəyət qədər biliyə, diplomat kimi təcrübəyə malikdir, ancaq bütün bunlara rəğmən Azərbaycan torpaqları hələ də işğal altındadır və Ermənistan işğalçılıq siyasətini davam etdirir: “Bununla bağlı Azərbaycan prezidentinin hücum diplomatiyası ortalıqdadır. Ölkə başçısı rəsmi görüşlərində və açıqlamalarında Ermənistan təcavüzkar dövlət kimi dəyərləndirməklə yanaşı,  Ermənistanın bu gün Azərbayacanın tarixi torpaqlarında yaradılmış bir dövlət kimi önə çəkir. Fikirləri qətiyyətli və birmənalı olsa da, Elmar Məmmədyarovun  xarici işlər nazirinin  bu istiqamətdə fəaliyyəti birmənalı deyil. Məmmədyarov günün, zamanın reallıqlarına cavab verən naziri deyil”.

 F.Ağamalının fikrincə, E. Məmmədyarovun bu gün Azərbaycan xalqı qarşısında ən böyük töhfəsi o, olardı ki, öz təşəbbüsü  ilə istefa versin:

“Beləliklə də Azərbaycan xalqının başının altına yastıq qoyan bir xarici işlər naziri kimi vəzifəsinə son qoysun”.

“Bəs, yeni xarici işlər naziri kimi görürsünüz” sualına gəldikdə F. Ağamalı bildirib ki, bu prezidentin səlahiyyətinə aid olan məsələdir və kimin  xarici işlər naziri olacağı onu maraqlandırmır:

“Bizə bu gün elə bir xarici işlər nazir lazımdır ki, o, kifayət qədər qətiyyətli olsun, ölkə başçısının  hücum diplomatiyasını öz səlahiyyətləri çərçivəsində ortaya qoya bilsin, onu davam etdirə bilsin, vətənpərvər olsun. Fəaliyyətini  müharibə dövrünün tələblərinə və çağırışlarına uyğun qura bilsin. Biz bu gün Elmar Məmmədyarovdan fərqli bir nazir lazımdır. Bu bir tarixi zərurət və sosial sifarişdir”. 

Mürtəza

Gununsesi.info