Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşüb

  • By admin
  • 23 Sentyabr 2017 14:40

elmar-memmedyarov

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.

Gununsesi.info XİN-in saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və ATƏT arasında əlaqələrin hazırkı səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər Azərbaycanla ATƏT arasında konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesinin son statusu barəsində ətraflı məlumat verib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət mövcud status-kvonu qəbuledilməz sayır və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələri bütün işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmalıdır. Nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Görüşdə tərəflər ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.info