Elmar Vəliyevə görə 9 nəfər həbs edilib - GÜC NAZİRLƏRİ GƏNCƏDƏ

  • By admin
  • 12 İyul 2018 18:34

Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info  xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri Gəncənin icra başçısı Elmar Vəliyev və mühafizə polisinə edilən hücumla bağlı birgə məlumat yayıblar.

Məlumatda qeyd olunur ki, bu gün Azərbaycanın baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçiriblər, görülən işlər barədə hesabatlarını dinləyiblər.

Məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi  kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər. Onlar Azərbaycan prezidentinin tapşırığına əsasən polis əməkdaşlarının ailələrinə və yaxınlarına dövlət başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar.