
Göyçay rayonu Potu kənd sakini Abdullayev Elşad Arif oğlu bildirib ki, onun evini sələmçi ələ keçirib, iki azyaşlı uşaqla zirzəmidə qalıb.
Gununsesi.info-ya müraciət edən şikayətçi bildirib ki, 2020-ci ildə Göyçay rayon sakini Famil Xurşud oğlu Həmidovdan 10.000 manat sələminə pul götürüb.
“Famil mənə bildirdi ki, bir ilə 10 min əvəzinə 20 min manat verəcəksən. Həmidov Famil evimi alqı-satqı yolu ilə həyat yoldaşının adına keçirib, 10 min manatı sələmi ilə mənə verdi. Bir ildən sonra pulu qaytarıb evimin sənədlərini öz adıma keçirmək istədikdə Famil mənə bildirdi ki, 50 min manat verməlisən ki, evini sənin adına sənədləşdirim”, – deyə şikayətçi bildirib.
Elşad Abdullayev deyir ki, buna görə Famil Həmidov onu öz evindən çıxarılması üçün məhkəməyə müraciət edib:
“Pul gücünə ailəmlə birlikdə evdən çıxarılmağıma dair qərar çıxartdıra bildi. Mən məhkəmələrdə tam subut etdim ki, Famil Həmidov 10 min manat pulu mənə sələmi ilə verib deyə, evi onun həyat yoldaşının adına keçirmişəm. Çünki hamı bilir ki, Göyçay rayonunun Potu kəndində belə yeni inşa edilmiş 20 sot torpağın içində hər il gəlir gətirən meyvə bağı olan evi 10 min manata qətiyyən almaq olmaz. Təkcə hər il mövsümdə həyətimdəki bağdakı xurma meyvəsindən 5-6 min manat pul gəlir əldə etmək olur”.
Şikayətçi qeyd edir ki, Famil Həmidovla onun arasında olan razılaşma 10 min manat faizə pul götürüb, evi alqı-satqı yolu ilə onun həyat yoldaşının adına sənədləşdirmək, bir ilə 20 min manat qaytarmaq olub. “Əgər həmin evi 2020-ci il tarixdə Famil Həmidova satmışdımsa, nəyə götə 3 il orada ailəmlə birlikdə yaşamışam? 20 gün əvvəl evimdən çıxarılmışam hazırda ailəmlə iki azyaşlı uşağımla birlikdə zirzəmidə yaşayırıq. Bunu subut edən komunal ödəniş qəbzləri, qonşular və digər subutlar var. Həmçinin Famil Həmidovun sələmə pul verməklə məşğul olmasına dair də konkret subutlar var. Hətta məndən başqa bir nəfərin də torpaq sahəsini oxşar qaydada əlindən alaraq, özününküləşdirib. Bütün bunlar məhkəməyə təqdim edilsə də, məhkəmədə qarşı tərəfin xeyrinə qərar çıxarıldı. İndi mənim evimi Həmidov Famil 60 min manata satışa çıxarıb. Hüquq-mühafizə orqanları Famil Həmidovun sələmiçiliklə məşğul olmasını çox asan aşkar edə bilərlər”.
Gununsesi.info şikayətdə adı çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
Gununsesi.info