Yasamal rayonunda sakinlər üçün 2024-cü ilin ilk səyyar qəbulu keçirilib.
Gununsesi.info xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında görüşüb.
Tədbirdə habelə Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin, MKTB-nin və xidmət sahələrinin rəhbərliyi də iştirak edib.
Bildirilib ki, 2023-cü il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 44 səyyar qəbul keçirilib və 560 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi hər bir dövlət məmurunun başlıca məqsədi olmalıdır.
Yasamal rayon sakinləri mənzillə təminat, məhəllədaxili ərazilərə asfalt vurulması, yaşayış binasında istilik sisteminin qurulması, dam örtüklərinin təzələnməsi, evlərin təmiri, qazilərin sosial müraciətləri, kanalizasiya xəttlərinin mövcud vəziyyəti və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.