Elşad Miri Dini Komitənin “Hər məsciddə kitabxana” layihəsi ilə bağlı suallar qaldırıb

  • By Admin2
  • 09 İyul 2026 12:08

İlahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsi ilə bağlı fikirlərini bölüşərək bir sıra suallar ünvanlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Elşad Miri bildirib ki, məscidlərdə kitab rəflərinin yaradılması və dini ədəbiyyatın əlçatanlığının artırılması müsbət təşəbbüs olsa da, layihənin yalnız məscidləri əhatə etməsi suallar doğurur.

Onun fikrincə, Azərbaycanda fəaliyyət göstərən kilsə və sinaqoqların da analoji layihəyə daxil edilməsi məqsədəuyğun olardı.

O qeyd edib ki, müxtəlif dini icmaların üzvləri də ölkə vətəndaşlarıdır və bərabər yanaşma nümayiş etdirilməlidir.

İlahiyyatçı layihə çərçivəsində məscidlərə yerləşdirilən kitablarla bağlı da şəffaflığın vacibliyini vurğulayıb. O, kitabların adlarının, seçim meyarlarının, onları müəyyənləşdirən şəxslərin və layihənin effektivliyi ilə bağlı hər hansı araşdırmanın olub-olmaması barədə suallar səsləndirib.

Elşad Miri həmçinin Dövlət Komitəsinin icazə verdiyi dini nəşrlərin də həmin kitab rəflərində yer alıb-almayacağı ilə maraqlanıb.

Eyni zamanda layihənin maliyyə tərəfinə də toxunulub.

İlahiyyatçı rəsmi statistikaya əsasən ölkədə 2 387 məscidin fəaliyyət göstərdiyini qeyd edərək, hər məscidə 100 kitab verilməsi halında ümumilikdə 238 700 kitabın paylanacağını hesablayıb.

Onun hesablamasına görə, hər kitabın orta qiyməti 10 manat götürüldükdə, layihənin yalnız kitab xərci təxminən 2 milyon 387 min manat təşkil edə bilər. O bildirib ki, bu hesablamaya rəflərin hazırlanması, logistika və digər xərclər daxil deyil.

Alternativ təklif kimi Elşad Miri bildirib ki, məscidlərdə ianə kampaniyaları vasitəsilə vətəndaşlardan istifadə olunmamış və ya artıq oxunmuş kitabların toplanması təşkil edilə bilər.

Onun fikrincə, bu üsul həm kitab fondunun formalaşmasına, həm də dövlət vəsaitinə qənaət edilməsinə imkan verər.

Elşad Miri yazısının sonunda Dövlət Komitəsinin icazə verdiyi Qurani-Kərim tərcümələrindən birində yer alan “Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik…” ifadəsinə də toxunaraq, həmin ayənin bu şəkildə tərcüməsinin düzgün hesab edilib-edilməməsi və onun izahı ilə bağlı sual ünvanlayıb.

Orxan

Gununsesi.info