Bu gün Əməkdar artist Yaqub Zurufçunun anım günüdür. Onun vəfatından 3 il ötür.
Tanınmış musiqiçi Yaqub Zurufçu 1956-cı ilin aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində doğulub.
7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub, elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və “Cücələrim” mahnısı ilə həm Azərbaycan, həm də İranda dillər əzbəri olub.
11 yaşında isə xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnılarını ifa edib.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisadiyyat fakültəsində təhsilinə başlayıb. Eyni zamanda Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra yəni 1980-ci ildə oranı tərk edib.
Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə bakalavr diplomunu, daha sonra ABŞ-nin Florida ştatının Miami şəhərində isə Miami Universitetində vokal sənəti üzrə magistr diplomunu alıb.
Ürəyində Azərbaycan musiqisi sevdası olan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayıb və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalıb.
Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri, Xalq artisti Gülağa Məmmədov Almaniyada olanda Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib.
Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirib və televiziyada yayımlayıb.
“Ayrılıq” mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək, Azadlıq hərəkatı zamanında da çox sevilib və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” Cəmiyyətinin köməyi ilə müğənni ilk dəfə Azərbaycana gəlib.
O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb.
Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-də, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilmişdi.
Yaqub Zurufçu iki dəfə ailəli olub. Onun Dəniz, Dalğa, Atilla adlı övladları var. Sənətçi ikinci dəfə Aynur adlı xanımla ailə qurub.
Tanınmış sənətçi 2021-ci ilin bu günü, yəni sentyabrın 14-də 65 yaşında koronavirusdan vəfat edib. Əməkdar artist “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.