Emal sənayesinə  kapital qoyuluşu 32% azalıb

  • By admin
  • 06 İyun 2016 16:47

Emal Senayesi

 

“Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, emal sənayesinə “əsas kapital” adıyla yönələn vəsaitlər guya bu ilin ilk 4 ayında 4,8% artıb”. Gununsesi-info-nun məlumatına  görə, bunu iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

 

iqtisadçı-ekspert Nemət Əliyev

İqtisadçı qeyd edib ki, investisiya qıtlığı və bahalı qiymətlərin hökm sürdüyü bir şəraitdə, artımın baş  verməsi təəccüb doğurur: “Əsas kapitala yönəldilmiş vəsaitlər (bazar qiymətləri ilə) 2016-cı ilin yanvar-aprel aylarında  103,2 milyon manat, 2015-ci ilin yanvar-aprel aylarında isə 152,1 milyon manat olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 milyon manat və ya 32 faiz azalma var”.

“Deməli, emal bölməsinə kapital qoyuluşu 32% azalıb. Nəzərə alsaq ki, ötən müddətdə manatımız xarici valyutalar qarşısında alıcılıq qabiliyyətini orta hesabla 66%  (rəsmi ) itirib və ölkədə qiymətlər kəskin şəkildə bahalaşıb, istehsalçı qiymətləri də artıb, o zaman müqayisəli qiymətlə hesabladıqda “kapital qoyuluşu”nun artmasından nəinki söhbət gedə bilməz, əksinə azalma faizinin daha yüksək olmasından danışılmalıdır. Axı ən elementar səviyyədə anlamaq mümkündür ki, ötən il 150 milyon manata ala bilmədiyimizi qiymətlərin kəskin qalxmasından sonra 100 milyon manata almaq heç mümkün deyil”, – deyə N.Əliyev vurğulayır.

Onun sözlərinə görə, xarici valyutaya çevirib müqayisə etsək, emal sənayesinə 4 aylıq kapital qoyuluşunun bu il 96 milyon dollar və ya 59 faiz azalması məlum olur.

 

Leyla SƏLİMLİ

Gununsesi.info