Emin Əmrullayevin artan səlahiyyətləri nəyə xidmət edəcək?

  • By admin
  • 11 Fevral 2022 09:28

Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən təhsil nazirinin hüquqları artırılıb. Belə ki, nazir Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq. Başqa sözlə, nazir nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Modern.az-a açıqlamasında qərarın gözlənilən olduğunu bildirib.

Onun sözlərinə görə, bu qərar orta təhsil və ali təhsil müəssisələrində gələn gəlirlərin doğru xərclənməsinə yönəlib:

“Ali məktəblərin çoxu publik hüquqi şəxsdir. Onların özlərinin gəlir əldə etmək və onu müvafiq formada xərcləmək səlahiyyətləri var. Bu fərman həm də onu göstərir ki, doğru balanslaşdırılmış, effektiv xərcləmələr olacaq. Praktikada bunu izləmək lazımdır ki, ali məktəblər tərəfindən nə kimi məsələlər çıxa bilər”.

Şura sədri bildirib ki, nəticə etibarı ilə hətta orta məktəblər belə icma əsaslı məktəblərə çevrilməlidir:

“Yəni, onların özlərinin maliyyə müstəqilliyi olmalıdır. Bizim istəyimiz orta məktəblərin icma əsaslı məktəblərə çevrilməsidir. Məsələn, hansısa valideyn övladının təhsil aldığı məktəbə təhsilin daha da yaxşılaşması üçün hansısa maddi və texniki yardım edə bilər. Bunun üçün məktəblərə belə bir səlahiyyət verilməlidir. Amma bunun şəffaflığından əmin olunduqdan sonra bu layihəni, proqramı həyata keçirmək olar. Nazirliyin tabeliyində olan təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamı bizə maliyyə vəsaitlərinin bölüşdürülməsi, maddi yardım və mükafatın verilməsi məsələsini həyata keçirməyə imkan yaradacaq. Bu orta və ali məktəblərdə olmalıdır. Bütün dünyada belə praktika var. Bizim tətbiq eləmək istədiyimiz Türkiyə, Avropa, Amerika modellərində olan vəqflər sistemidir. Sadəcə bura ayrılacaq vəsaitin doğru xərclənməsinə nəzarət funksiyası yaranmalıdır. Əgər, valideyn məktəbə maliyyə yardımı edirsə, onun xərclənməsinə də nəzarət edilməlidir”.

 

G.Səfərova qeyd edib ki, təhsil məktəbə qayıtmalıdır:

“Orta məktəbdə verilən baza ilə universitetlərə qəbul olmaq demək olar ki, mümkün deyil. Bu həmişə belə olub. Valideynlər övladlarını hazırlıqlara, kurslara yönəldirlər. Əgər biz bu sistemi müəyyən qədər dəyişdirmək istəyiriksə, o zaman təhsili orta məktəbə qaytarmalıyıq. Təhsilin qayıtması da odur ki, qəbul asanlaşsın, universitetlərdəki tədris akademikləşdirilsin”.

İctimai Şura sədri bildirib ki, təhsillə qəbul imtahanı arasındakı qopuqluq cəmiyyətdə də özünü göstərir:

“Məktəblərin maliyyə azadlığı özlərinin qərarvericiliyi, icma əsaslı formalaşması təhsilin yaxşılaşmasına xidmət edəcək və artıq valideynlərində təhsilin yaxşılaşması yönündə tələbləri olacaq. Bu əlaqəni yarada bilsək, mənə elə gəlir ki, yaxşı olacaq. Bu fərman sadəcə bir başlanğıcdır. Biz Avropa modelini istəyiriksə, o modeldəki vətəndaş kimi düşünməliyik”.

Gununsesi.info