Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

“”Sea Breeze” ərazisində yerləşən akvaparkda baş verən faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.
Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandasının adından ailəyə ən dərin və səmimi başsağlığımı çatdırıram. Belə bir məqamda valideynlərin və yaxınlarının yaşadığı ağrını yüngülləşdirə biləcək söz yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sea Breeze” kompleksinin sahibi, iş adamı Emin Ağalarov özünün sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib.

O deyib:

“Hazırda hadisənin bütün təfərrüatlarının, o cümlədən uşağın hovuzun texniki zonasına, hasarın arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək göstəririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün hər zaman qeyd-şərtsiz prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi və aidiyyəti xidmətlər tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.

Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün zəruri dəstəyi və yardımı göstərəcəyik”.

Xatırladaq ki, hadisə ötən gün baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Lakin xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.