Energetika Nazirliyi və “Azərenerji” ASC birgə məlumat yayıb - ÖLKƏNİN İŞIQSIZ QALMASINA SƏBƏB ƏHALİ GÜNAHKAR İMİŞ

  • By admin
  • 03 İyul 2018 09:11

Azərbaycan Energetika və “Azərenerji” ASC ölkə ərazisinin elektrik enerjisində yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yayıb.

Gununsesi.info-ya daxil olan məlumatda qeyd olunur ki, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

Bildirilir ki, hazırda vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı həyata keçirilib.

“Qısa müddət ərzində digər bölgələrdə də enerji verilişi yerinə yetiriləcək. Əlaqədar dövlət strukturlarında yaradılmış operativ əməliyyat qrupu və səhmdar cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər həyata keçirir”, – deyə birgə operativ məlumatda qeyd olunub.