“Azərşıq” ASC-nin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “EnergyTech” hakatonu bir neçə istiqamətdə xüsusi önəm daşıyır.
Əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması və elektron xidmətlərin təşviq edilməsi işinə gənclərin marağının artırılması “Azərişıq” ASC-nin xüsusi diqqət mərkəzindədir.
Biznes mühitinin yaxşılaşdırılması, qoşulma prosedurlarının və müddətinin azaldılması məqsədi ilə Azərbaycan Prezidentinin müvafiq fərmanının icrası ilə bağlı vətəndaşların müraciətlərinin şəffaf şəkildə idarəedilməsi üçün “Azərişıq”da Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb. Məhz bu yarışma gənclərin innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılması, “Azərişıq” ASC ilə qarşılıqlı işin təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Enerji Təchizatı Şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin artırılması günümüzün əsas hədəflərindən biridir. Bu istiqamətdə müxtəlif işlər, Yol Xəritəsi, Kommunikasiya Strategiyası icra olunur və bu tədbirlər nəticəsində Enerji Təchizatı Şəbəkəsinə elektron qoşulmaların sayında artım müşahidə olunur. Belə ki, keçən il ilə müqayisədə 2023-cü ildə elektron müraciətlərin sayı 5 dəfə artıb və təkcə cari ilin mart ayında ümumi müraciətlərin 53%-i onlayn qaydada keçirilib. “EnergyTech” hakatonu bu istiqamətdə sürətləndirmə işlərinin aparılmasında müasir ideyaların tətbiq edilməsi üçün unikal bir platformadır.
Bu hakatonda hazırladıqları prototiplərə görə “Platon Tech” komandası 1-ci yerə, “Power smart” 2-ci yerə, “HumanEnergy” komandası isə 3-cü yerə layiq görülüb. Qalib komandalara mükafatlar təqdim olunub.
Qeyd edək ki, elektron müraciət sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən innovativ layihə kimi qiymətləndirilib. Aparılan məqsədli islahatlar nəticəsində qoşulma prosedurların sayı 7-dən 2-yə, müraciətlərin icra müddəti 41 gündən 20 günə endirilib. Elektron sistemin təkmilləşdirilməsi istiqamətində də işlər aparılıb və müraciətləri e-gov.az və azerishiq.az saytı üzərindən də etmək mümkündür. Hazırda “Azərişıq”da elektron xidmətlərin sayı 12-yə çatdırılıb və daha 14 yeni xidmətin təqdim olunması nəzərdə tutulub.
Bu istiqamətdə inkişafı təmin etmək üçün belə layihələrin gələcəkdə yenidən həyata keçirilməsi planlaşdırılıb.
Gununsesi.info