Dünən Prezident Rəcəb Tayyib Ərdoğanın 18 ildən sonra ilk dəfə ana müxalifət partiyası olan Cümhuriyət Xalq Partiyasının ofisini ziyarət etməsi qardaş ölkənin əsas gündəmi olub.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, prezidentin CHP lideri Özgür Özelle 2 saata yaxın keçirilən görüşün detalları açıqlanmayıb.
Bununla belə euronews.com prezidentlə Özgür Özəlin görüşünə dair bəzi məlumat yayıb. Məlumata görə, ilk növbədə Ərdoğanın ən mühüm gündəm maddələrindən biri olan yeni konstitusiya məsələsinin görüşdə müzakirə olunan əsas məsələlərdən biri olduğu düşünülür. Türkiyə Böyük Millət Məclisinin gündəmində olması gözlənilən yeni məhkəmə paketi, ictimai qənaət tədbirləri, qəyyum məsələsi, aşağı və sabit gəlirli insanların, xüsusilə də təqaüdçülərin yaşadığı iqtisadi çətinliklər və s. məsələlər danışılıb.
Məlumatda o da bildirilir ki, Özgür Özel prezidentlə görüşündə Gəzi olaylarına görə həbs edilən şəxslərin, o cümlədən siyasi məhbusların azadlığa buraxılması məsələsini qaldırıb.
Xatırladaq ki, Ərdoğan sonuncu dəfə 2006-cı ildə Dəniz Baykal dövründə paytaxt Ankaranın Söğütözü səmtindəki CHP Ümumi Mərkəzini ziyarət edib.
Afət Abbasova
Gununsesi.info